Rusiya hakimiyyətinin Ukraynaya hücum əmrindən sonra ölkə daxilində müharibə əleyhinə nümayişlərdə iştirak edən 5 942 nəfər saxlanılıb.
NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə “OVD-İnfo” müstəqil monitorinq saytı məlumat yayıb.
Son məlumatlara görə, bazar günü ölkənin 57 şəhərində icazəsiz nümayişlərdə iştirak edən 2 802 nəfər saxlanılıb. Təkcə Moskvada 1 275 nəfər tutulub. Hələlik bazar ertəsinə etirazlar gözlənilmir.
Qeyd edək ki, Rusiya qanunlarına əsasən, böyük nümayişlər üçün etirazçılar icazə almalıdırlar. İcazə tədbirə ən azı 10 gün qalmış təqdim edilməlidir. İcazəsiz aksiya keçirənlərə ağır cərimələr, hətta bəzi hallarda həbs cəzası da verilə bilər.
Ötən cümə axşamı Rusiya İstintaq Komitəsi xəbərdarlıq edib ki, müharibə əleyhinə keçirilən istənilən aksiyada iştirak qanunsuzdur. Həmçinin bildirilib ki, iştirakçıların cinayət qeydlərinə “şəxsin gələcəyinə iz qoyacaq” cinayətlər əlavə oluna bilər.












