Rusiya bizim üçün nə qədər təhlükə yaratsa da… – Mən bunun əleyhinəyəmbackend

Rusiya bizim üçün nə qədər təhlükə yaratsa da… – Mən bunun əleyhinəyəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya üçün Azərbaycanın rusdilli saytlarının bağlanmasını müvəqqəti hal hesab edirəm”.

NOCOMMENT.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli deyib.

O, Azərbaycana məxsus bir neçə rusdilli saytın Rusiyada bloklanmasına münasibət bildirib:

“Rusiyanın düşdüyü hərbi-siyasi, iqtisadi vəziyyəti anlamağa çalışıram, çünki beynəlxalq təpkilər, iqtisadi sanksiyalar, Ukraynadakı uğursuzluq, o cümlədən informasiya təhlükəsizliyi ilə bağlı məsələlər onu bu cür radikal addımlar atmağa vadar edir.

Bilirsiniz ki, Dövlət Duması yalan xəbərlər haqqında xüsusi qərarlar qəbul edib. Yanlış, qərəzli informasiyaya görə hətta 15 il həbs cəzası, yüksək cərimələr nəzərdə tutulur. Ona görə də, Rusiya üçün Azərbaycanın rusdilli saytlarının bağlanmasını müvəqqəti hal hesab edirəm”.

Q. Məhərrəmli qeyd edib ki, cavab olaraq Azərbaycanın Rusiya saytlarını bloklamasını istəyənlərin yanaşması düzgün deyil:

“Rusiyanın bu addımı qarşılığında səsləndirilən “Biz də Rusiyaya informasiya müharibəsi elan edək” və s. kimi fikirləri dəstəkləmirəm. Məncə, bu, indiki halda düzgün yanaşma deyil. Rusiya qonşumuzdur, bizim üçün nə qədər təhlükə yaratsa da, o təhlükədən qorunmağı bacarırıq. Məncə, rəsmi siyasətimiz də buna yönəlib və xeyli uğurlu məqamları var.

Bununla yanaşı, Azərbaycan tərəfindən radikal addımlar atılmasının, rus saytlarının ölkə ərazisində qadağan olunmasının tərəfdarı deyiləm. Əgər hansısa rusdilli sayt, yaxud Rusiyanın ölkəmizdə fəaliyyət göstərən hansısa media qurumu Azərbaycan əleyhinə olduqca qərəzli, yalan, düşmənçilik mövqeyindən çıxış edərsə, təbii ki, onu bağlamaq lazımdır, amma bütövlükdə götürəndə, indiki halda onların Azərbaycan üçün ciddi təhlükəsi yoxdursa, rus saytlarını bloklamağa da gərək yoxdur və onlarla əməkdaşlığı normal qaydada davam etdirmək olar”.