Evimizdəki görünməz güc olan Wi-Fi, müasir həyatın ayrılmaz hissəsinə çevrilsə də, onun iş prinsipi və sağlamlığa təsirləri barədə hələ də bir çox yanlış təsəvvürlər mövcuddur.
Statistikaya görə, dünyada 5,56 milyarddan çox insanın hər gün bağlandığı bu şəbəkə, artıq təyyarələrdə belə əlçatandır. Lakin maraqlı bir fakt var: əksəriyyətin düşündüyü kimi Wi-Fi “Wireless Fidelity” ifadəsinin qısaltması deyil, sadəcə marketinq məqsədilə yaradılmış bir addır. Texnologiya inkişaf etdikcə Wi-Fi 7 kimi standartlar saniyədə 46 GB sürət vəd edir, lakin istifadəçilər çox vaxt ödədikləri paketin limitləri və ya texniki səhvlər ucbatından bu sürəti hiss edə bilmirlər.
İnternetin zəifləməsində çox vaxt günahkar routerin (paylayıcının) yanlış yerləşdirilməsi, köhnəlməsi və ya proqram təminatının yenilənməməsi olur.
Mütəxəssislər routerin mərkəzi nöqtədə, güzgülərdən və məişət texnikasından uzaq qoyulmasını, həmçinin lazımsız cihazların şəbəkədən ayrılmasını tövsiyə edirlər.
Radioloq Aydın Əliyev isə NOCOMMENT.az-a açıqlamasında məsələnin digər tərəfinə — Wi-Fi dalğalarının insan sağlamlığına və ev mühitinə təsirinə diqqət çəkib:
“Wi-Fi texnologiyası qeyri-ionlaşdırıcı elektromaqnit şüalanma mənbəyidir. Bu dalğaların birbaşa DNT-ni zədələmək gücü olmasa da, uzunmüddətli və intensiv təsirin orqanizmə, xüsusilə sinir sisteminə təsirləri hələ də tibbi araşdırmaların mövzusudur. Biz xüsusilə tövsiyə edirik ki, routerlər yataq otaqlarından, baş nahiyəsindən ən azı 2-3 metr məsafədə yerləşdirilsin”.
Onun sözlərinə görə, texniki sürəti artırmaq üçün edilən bəzi addımlar sağlamlıq baxımından da faydalıdır:
“Məsələn, routerin açıq və mərkəzi yerdə olması siqnalın divarlardan qayıdaraq daxili əks-səda (elektromaqnit çirklənmə) yaratmasının qarşısını alır. Lakin insanlar bilməlidir ki, Wi-Fi siqnalını gücləndirmək üçün istifadə olunan bəzi kustar üsullar və ya routerin gücünün maksimuma qaldırılması evdəki radiasiya fonunu lüzumsuz yerə artırır. İstifadə edilməyən cihazların Wi-Fi-ni söndürmək həm internetin sürətini artırır, həm də ətrafdakı elektromaqnit yükünü azaldır”.
O, qeyd edib ki, xüsusilə uşaqlar və hamilə qadınlar olan evlərdə daha diqqətli olmaq lazımdır:
“Gecə saatlarında, internetdən istifadə edilmədikdə routerin tamamilə söndürülməsi həm cihazın ömrünü uzadır, həm də beynin istirahət fazasında kənar dalğalara məruz qalmasını minimuma endirir. Müasir Wi-Fi 7 və Mesh sistemləri siqnalı daha fokuslanmış şəkildə ötürdüyü üçün köhnə genişşüalı routerlərdən daha effektiv və təhlükəsiz sayıla bilər. Unutmayın ki, texnoloji rahatlıq sağlamlıqla balanslaşdırılmalıdır”.
Tunar
NOCOMMENT.az












