Həddindən artıq istilərdə edilən bu səhv sağlamlığa zərər vurur

Həddindən artıq istilərdə edilən bu səhv sağlamlığa zərər vurur

Havanın temperaturunun mövsüm normasını üstələməsi günvurma və susuzlaşma riskini artırır. Mütəxəssislər bildirirlər ki, insan susuzluq hiss etməsə belə, gün ərzində ən azı 2–2,5 litr maye qəbul etməlidir. Xüsusilə yaşlılar, azyaşlı uşaqlar, hamilə qadınlar və xroniki xəstəlikləri olan şəxslər isti saatlarda daha ehtiyatlı davranmalıdırlar.

NOCOMMENT.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, günəş şüalarının ən dik bucaq altında düşdüyü saat 10:00–16:00 aralığında zərurət olmadıqca açıq havaya çıxmaq tövsiyə edilmir. Gün ərzində müntəzəm maye qəbulu, açıq rəngli geyimlərin seçilməsi və ağır fiziki fəaliyyətlərdən uzaq durmaq vacib hesab olunur.

Həkim Rengin Yiğit bildirib ki, normal şəraitdə orqanizm tərləmə vasitəsilə bədən hərarətini tənzimləyir. Lakin həddindən artıq istilərdə yalnız tərləmə hesabına bədən temperaturunu normal səviyyədə saxlamaq mümkün olmaya bilər.

Onun sözlərinə görə, yaşlı insanlarda, körpələrdə və xroniki xəstələrdə bu mexanizm hər zaman effektiv işləmir. Ətraf mühitdə rütubətin yüksək olması da tərləmənin təsirini azaldır və bədən temperaturunun lazımi səviyyədə aşağı düşməsinə mane olur.

Həkim qeyd edib ki, piylənmə, yüksək hərarətlə müşayiət olunan xəstəliklər, güclü maye itkisi, ürək-damar, psixi və sinir sistemi xəstəlikləri, alkoqol və narkotik vasitələrdən istifadə, həmçinin bəzi dərman preparatlarının, o cümlədən təzyiqsalıcı və sidikqovucu dərmanların qəbulu da tərləmə prosesinə mənfi təsir göstərir. Bu hallarda bədən temperaturunun yüksəlməsi beyin və digər həyati vacib orqanlarda zədələnməyə səbəb ola bilər.

Rengin Yiğitin sözlərinə görə, 65 yaşdan yuxarı şəxslər, dörd yaşadək uşaqlar, xüsusi qayğıya ehtiyacı olan insanlar, hamilə qadınlar, açıq havada çalışanlar, artıq çəkisi olan şəxslər, şəkərli diabet, ürək-damar, beyin-damar, xroniki tənəffüs sistemi, qaraciyər və böyrək xəstəlikləri olanlar, eləcə də daimi dərman qəbul edən şəxslər yüksək risk qrupuna daxildir. O vurğulayıb ki, xüsusilə tək yaşayan yaşlılar və xroniki xəstələr daha yüksək risk altındadırlar.

Mütəxəssis isti havalarda aşağıdakı qaydalara əməl etməyi tövsiyə edib:

* Saat 10:00–16:00 arasında zərurət olmadıqca açıq havaya çıxmamaq;
* Açıq havada işləyənlərin günəş altında uzun müddət qalmaması, ağır fiziki fəaliyyətlərdən çəkinməsi və müntəzəm maye, eləcə də duz tərkibli qidalar qəbul etməsi;
* Açıq rəngli, yüngül və geniş geyimlər geyinmək, enli kənarlı papaq və gün eynəyi taxmaq;
* Günəşin ən güclü olduğu saatlarda dənizə girməmək və günəş vannası qəbul etməmək;
* İdman və digər fiziki fəaliyyətləri səhər və ya axşam saatlarına salmaq, hər saatlıq məşq zamanı ən azı 2–4 stəkan maye qəbul etmək;
* Yaşlıları gündə ən azı iki dəfə, körpələri isə daha tez-tez günvurma əlamətləri baxımından nəzarətdə saxlamaq;
* Körpələri, uşaqları, əlilliyi olan şəxsləri və ev heyvanlarını park edilmiş avtomobildə qətiyyən tək buraxmamaq;
* Qapalı məkanları mütəmadi havalandırmaq və günəş şüası düşən pəncərələri pərdə ilə örtmək;
* Bədən temperaturunu aşağı salmaq üçün tez-tez duş qəbul etmək, bu mümkün olmadıqda isə əlləri, ayaqları, üzü və boynu sərin su ilə islatmaq.

Mütəxəssislər bildiriblər ki, susuzluq hissi olmasa belə, gün ərzində ən azı 2–2,5 litr maye qəbul edilməlidir.

Qidalanma ilə bağlı isə səhər yeməyində az yağlı pendir, zeytun və təzə tərəvəzlərə üstünlük verilməsi, kofeinli içkilər əvəzinə süd, meyvə şirələri və bitki çaylarının seçilməsi tövsiyə olunur. Yağlı və qızardılmış yeməklərdən uzaq durmaq, yeməkləri qaynatma, sobada və ya öz şirəsində bişirmə üsulları ilə hazırlamaq məsləhət görülür.

Həmçinin orqanizmin vitamin və mineral ehtiyacını ödəmək üçün bol tərəvəz və meyvə istehlak etmək vacib sayılır.

Mütəxəssislər əlavə ediblər ki, tərləmə nəticəsində artan maye və mineral itkisini kompensasiya etmək üçün adi günlərlə müqayisədə daha çox maye qəbul edilməlidir. Su əsas içki hesab olunsa da, süd, ayran və meyvə şirələri də uyğun seçimdir. Həkim tərəfindən maye qəbulu məhdudlaşdırılmış və ya sidikqovucu dərman qəbul edən şəxslər isə mütləq öz həkimləri ilə məsləhətləşməlidirlər.

Çox soyuq və buzlu içkilərin mədə spazmlarına səbəb ola biləcəyi qeyd olunur. Bundan başqa, kofein, alkoqol və yüksək şəkər tərkibli içkilər orqanizmdən daha çox maye itkisinə səbəb olduğu üçün onların qəbulundan çəkinmək tövsiyə edilir.

Sonda mütəxəssislər açıq havada satılan qidalardan istifadə etməməyi, tez xarab olan ət, süd, balıq və yumurta kimi məhsulları açıq şəraitdə saxlamamağı, həmçinin qidaların hazırlanması və bişirilməsi zamanı gigiyena qaydalarına ciddi əməl etməyi tövsiyə ediblər. Demokrat.az