Mütəxəssislər cəmiyyətdə hər 100 nəfərdən birində rast gəlinən və əksər hallarda uzun müddət gizli inkişaf edən çölyak xəstəliyi ilə bağlı xəbərdarlıq ediblər.
NOCOMMENT.az xəbər verir ki, həkimlər diaqnoz qoyulmadan qlütensiz qidalanmağa başlamanın faydadan çox zərər verə biləcəyini bildirirlər.
Mütəxəssislərin sözlərinə görə, çölyak xəstəliyinin gec aşkarlanması orqanizmdə ciddi fəsadlara səbəb ola bilər.
Xüsusilə xroniki qanazlığı, vitamin çatışmazlıqları və bəzi hallarda bağırsaqlarda limfoma adlanan xərçəng növünün inkişaf riski artır.
Həkimlər qeyd edirlər ki, gənclərdə səbəbi məlum olmayan dəmir, B12 vitamini və fol turşusu çatışmazlığı, həmçinin uzunmüddətli ishal, qarında köp və çəki itkisi kimi əlamətlər müşahidə olunarsa, bağırsaqlarda sorulma pozğunluğunun olub-olmaması mütləq araşdırılmalıdır.
Həmçinin mütəxəssislər vurğulayırlar ki, çölyak xəstəliyində erkən diaqnoz həm xəstələrin həyat keyfiyyətini yüksəldir, həm də gələcəkdə yarana biləcək digər sistemik xəstəliklərin qarşısını almağa kömək edir.
Bildirilib ki, xəstəliyin yeganə effektiv müalicə üsulu ömürboyu qlütensiz pəhrizə ciddi şəkildə riayət etməkdir. Həkimlərin sözlərinə görə, pəhrizə düzgün əməl edildiyi təqdirdə xəstəliyin əksər əlamətləri geriləyir və xəstələrin vəziyyətində əhəmiyyətli yaxşılaşma müşahidə olunur.
Eyni zamanda, son illərdə çölyak diaqnozu olmayan insanların sağlam həyat tərzi və ya arıqlamaq məqsədilə qlütensiz qidalanmağa üstünlük verməsi narahatlıq doğurur. Bundan başqa xəbərdarlıq edirlər ki, tibbi göstəriş olmadan qlütənin qidalanmadan çıxarılması maddələr mübadiləsinə mənfi təsir göstərə bilər.
Onların sözlərinə görə, qlütensiz qidalanan şəxslər çox vaxt qlütenli məhsulları meyvə və kartof kimi nişasta tərkibi yüksək qidalarla əvəz edirlər ki, bu da metabolik tarazlığın pozulmasına səbəb ola bilər.
Gülər
NOCOMMENT.az












