Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – Nazirdən yeni qərar

Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – Nazirdən yeni qərar

Azərbaycanın Daxili İşlər Nazirliyi sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı qaydalara dəyişiklik edib.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Daxili İşlər Nazirliyinin 2012-ci il 4 avqust tarixli qərarı ilə təsdiq edilmiş **"Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimat"**a dəyişiklik edilib.

Dəyişikliklə Təlimatın 5.2.1-1-ci yarımbəndinə "57.4-cü" sözlərindən sonra ", 57.6.3-cü" sözləri əlavə olunub.

Bu dəyişiklik "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa edilən son dəyişikliklərin tətbiqini təmin etmək məqsədi daşıyır.

Belə ki, Qanunun 57.6.3-cü maddəsinə əsasən, elektron kabinetində mobil telefon nömrəsi qeyd edilməyən şəxs barəsində qəbul edilmiş elektron inzibati xəta haqqında qərar nəqliyyat vasitəsinin dövlət qeydiyyatı, daimi uçota alınması, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsi, texniki baxışın keçirilməsi, eləcə də sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı həmin şəxsə təqdim edildiyi andan rəsmi qaydada təqdim olunmuş hesab edilir.

Bununla da Daxili İşlər Nazirliyinin sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları "Yol hərəkəti haqqında" Qanunun yeni tələblərinə uyğunlaşdırılıb.

Qərara əsasən, sənəd üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə göndəriləcək. Reyestrə daxil edildikdən sonra isə 72 saat ərzində rəsmi dərc olunacaq.