Bakının Binəqədi rayonunda su sızması sakinlərin narahatlığına səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, söhbət "Baksol yolu" adlanan ərazidən gedir. Yerli sakinlərin bildirdiyinə görə, içməli su xəttində yaranmış nasazlıq nəticəsində su uzun müddətdir küçəyə axır və ərazidə gölməçələr əmələ gəlib.
Onların sözlərinə görə, problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə məlumat verilsə də, indiyədək hər hansı təmir işi aparılmayıb. Sakinlər iddia edirlər ki, onlara verilən məlumata əsasən, ərazidən keçən yüksək gərginlikli elektrik xətti səbəbindən nasazlığın aradan qaldırılması gecikir.
Ərazi sakinləri su itkisinin davam etdiyini və mövcud vəziyyətin həm gündəlik hərəkətə mane olduğunu, həm də narahatlıq yaratdığını bildirərək problemin qısa müddətdə həllini gözlədiklərini vurğulayıblar.












