ABŞ Azərbaycanı bu siyahıya daxil etmədi - Bundan sonra nə olacaq?

ABŞ Azərbaycanı bu siyahıya daxil etmədi - Bundan sonra nə olacaq?

Bu gündən – avqustun 3-dən etibarən ABŞ Gürcüstan, Qırğızıstan, Tacikistan və Türkmənistan da daxil olmaqla 50 ölkənin vətəndaşları üçün 20.000 dollara qədər daimi viza girovu (depoziti) tətbiq etməyə başlayıb. Dövlət Departamentinin açıqladığı qaydalara əsasən, işgüzar və turist vizaları (B-1/B-2) üçün nəzərdə tutulan bu depozitin məbləği konsulluq işçisi tərəfindən hər bir fərdi hal üçün ayrı-ayrılıqda müəyyənləşdiriləcək. Qaydalara görə, əgər səfər edən şəxs icazə verilən müddətdə ABŞ-ı tərk edərsə, depozit tam geri qaytarılır, əks təqdirdə – yəni ölkədə qalma şərtləri pozularsa, vəsait müsadirə olunur. Gürcüstan, Qırğızıstan, Tacikistan və Türkmənistanla yanaşı, siyahıya Əlcəzair, Anqola, Banqladeş, Kamboca, Monqolustan, Nepal, Venesuela, Zimbabve və digər dövlətlər daxil edilib. Maraqlıdır ki, ABŞ Dövlət Departamentinin tərtib etdiyi bu sərt siyahıda Azərbaycanın adı yer almayıb. İctimaiyyətdə haqlı olaraq sual yaranır: Azərbaycanın bu siyahıdan kənarda qalmasının səbəbi ölkə ilə Vaşinqton arasındakı ikitərəfli əlaqələrin səviyyəsidir, yoxsa miqrasiya statistikası ilə bağlı digər amillər?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor, politoloq Qabil Hüseynli qeyd edib ki, ABŞ-ın bu cür sərt viza girovu mexanizmini tətbiq etməsi məhz həmin ölkələrdən gələn vətəndaşların miqrasiya qanunvericiliyini pozma hallarının, yəni vizanın bitməsinə baxmayaraq ölkəni tərk etməyənlərin (overstay) yüksək göstəriciləri ilə birbaşa bağlıdır: "Vaşinqton bu siyahını tərtib edərkən subyektiv siyasi münasibətlərdən daha çox Daxili Təhlükəsizlik Departamentinin statistik rəqəmlərinə, viza rejiminin pozulma faizinə və konsulluq məlumat mübadiləsinin effektivliyinə istinad edir; Azərbaycan vətəndaşları tərəfindən ABŞ-da kütləvi şəkildə miqrasiya qaydalarının pozulması və ya viza müddətinin aşılması halları kəskin xarakter daşımadığı üçün ölkəmiz bu sərt məhdudiyyət siyahısından kənarda qalıb". Onun sözlərinə görə, Azərbaycanla ABŞ arasında diplomatik müstəvidedə bəzi siyasi fikir ayrılıqları və ya sərt müzakirələr olsa belə, texniki və konsulyar xidmətlər səviyyəsində işlək mexanizmlərin mövcudluğu və vətəndaşların intizamlı davranışı Vaşinqtonun bu cür radikal maliyyə baryerlərini tətbiq etməsinə ehtiyac qoymayıb: "Lakin bu o demək деyil ki, istənilən ölkə daimi olaraq bu siyahılardan sığortalanıb; Ağ Evin miqrasiya siyasətində tətbiq etdiyi bu yeniliklər göstərir ki, gələcəkdə statistika dəyişərsə, siyahının coğrafiyası da yenilənə bilər".

Tunar,