Almaniyada Sosial Demokrat Partiyasının (SPD) üzvü və kontent yaradıcısı Tim Vollert türklərin genetik mənşəyi ilə bağlı səsləndirdiyi fikirlər qalmaqal yaradıb.
NOCOMMENT.az xəbər verir ki, "3minutenwissen" kanalı ilə tanınan Vollert yayımladığı videoda Türkiyədə yaşayan insanların böyük hissəsinin "əslində yunan, Azərbaycan və erməni DNT-sinə sahib olduğunu" iddia edib.
O, həmçinin Türkiyəni "dünyanın ən qarışıq millətlərindən biri" kimi xarakterizə edərək, "Türk DNT testi verəndə nəticələrdə Türkiyədən başqa hər şey çıxır" ifadəsini işlədib.
Vollert çıxışının əvvəlində türk mənşəli insanlara qarşı pis niyyət daşımadığını desə də, onun elmi əsaslandırma təqdim etmədən səsləndirdiyi bu iddialar sosial mediada geniş etirazla qarşılanıb. Bir çox istifadəçi və şərhçi açıqlamaların elmi cəhətdən əsassız olduğunu və ayrı-seçkilik xarakteri daşıdığını bildirib.
Qeyd edək ki, genetik mənşə ilə bağlı bu kimi ümumiləşdirici iddialar elmi konsensus hesab edilmir və ayrı-ayrı fərdlərin və ya xalqların genetik tərkibini bu şəkildə xarakterizə etmək düzgün elmi yanaşma sayılmır.











