ABŞ-nin Azərbaycana gönrəcəyi səfir ermənidir? - Təxribat, yoxsa...

ABŞ-nin Azərbaycana gönrəcəyi səfir ermənidir? - Təxribat, yoxsa...

ABŞ Prezidenti Donald Trampın uzunmüddətli boşluqdan sonra Aleksandr Aldeni Birləşmiş Ştatların Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizəd göstərməsi qərarı, həm Vaşinqton-Bakı münasibətlərinin strateji gələcəyi, həm də regional media müstəvisində geniş müzakirələrə yol açıb. Ermənistan mətbuatının, xüsusilə “Ermənistanın səsi” nəşrinin dərhal hərəkətə keçərək bu diplomatın sovet mühacirlərinin övladı olmasına istinadən "erməni kökənli" olduğunu iddia etməsi rəsmi İrəvanın prosesi öz xeyrinə manipulyasiya etmək cəhdindən xəbər verir. Qeyd edək ki, Bakıdakı səfirlik postu 2024-cü ilin dekabrında Mark Libbinin səhhətindəki ağır problemlərlə əlaqədar ölkəmizi tərk etməsindən bəri boş qalmışdı. Ağ Evin bura optimal namizəd seçməsini gecikdirən əsas amillər qismində isə Yaxın Şərqdə alovlanan İran böhranı, habelə Trampın ikinci müddətində diplomatik korpusda reallaşdırılan irimiqyaslı kadr islahatları çıxış edirdi. Aldenin Senat tərəfindən təsdiqlənəcəyinə erməni tərəfinin şübhə etməməsi onun Pentaqonda, Milli Təhlükəsizlik Şurasında, Dövlət Departamentində topladığı zəngin təcrübə və "Palantir Technologies" kimi nəhəng kəşfiyyat-texnologiya strukturları ilə sıx əlaqələri ilə əlaqələndirilir. Lakin müasir reallıqlar fonunda hər hansı amerikalı diplomatın etnik mənsubiyyətinin Bakı üçün əvvəlki qədər xüsusi əhəmiyyət daşıyıb-daşımadığı məsələsi ciddi geosiyasi təhlil tələb edir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Əli Əkbəroğlu qeyd edib ki, Ermənistan mediasının Aleksandr Aldenin bioqrafiyasından yapışaraq onun etnik kökləri üzərindən spekulyasiya qurması rəsmi İrəvanın qlobal diplomatiya qaydalarından hələ də uzaq olduğunun göstəricisidir: "Erməni KİV-ləri başa düşmək istəmir ki, Alden ilk növbədə ABŞ dövlət aparatının, xüsusən də Donald Trampın və Dövlət katibi Marko Rubionun ən etibarlı komanda üzvlərindən biridir. Onun hərbi analitika, qabaqcıl texnologiyalar və münaqişələrin sabitləşdirilməsi sahəsindəki fəaliyyəti, habelə Çinin regional təsirinə qarşı strategiyaların hazırlanmasındakı rolu Aldenin sırf Vaşinqtonun qlobal maraqlarını təmsil edən bir sistem adamı olduğunu sübut edir. Belə bir rəsmi fiqurun Bakıya göndərilməsi ABŞ-ın regiona yönəlik tam fərqli, praqmatik və təhlükəsizlik yönümlü yeni bir baxış bucağından xəbər verir".

Siyasi şərhçinin sözlərinə görə, səfirin mənsubiyyəti və ya kökləri məsələsi Azərbaycan üçün 30 illik işğal dönəmindəki həssaslığı tamamilə itirib və hazırda Bakı ilə Vaşinqton arasında tam fərqli maraqlar masadadır: "Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini hərbi-siyasi yollarla tam bərpa etmiş, bölgədə şərtləri diktə edən tərəfə çevrilmiş güclü bir dövlətdir. İşğal dövründə ABŞ-dakı erməni lobbisinin səfirlər vasitəsilə daxili siyasətə təsir etmək rıçaqları var idisə, bu gün həmin mexanizmlər tamamilə sıfırlanıb. İndi Bakı ilə Vaşinqton arasında münasibətlərin ana xəttini ABŞ-ın birbaşa patronajlığı ilə qurulan milyardlarla dollarlıq TRIPP (Tramp marşrutu) layihəsi, regional logistik təhlükəsizlik və süni intellekt, rəqəmsal infrastruktur üzrə imzalanmış yeni strateji tərəfdaşlıq xartiyası təşkil edir. Aldenin 'Palantir' şirkəti ilə olan dərin texnoloji əlaqələri, əslində Azərbaycanın yeni rəqəmsal təhlükəsizlik və kritik mineralların tranziti proqramları ilə üst-üstə düşür".

Əli Əkbəroğlu vurğulayıb ki, Aldenin Senatdakı təsdiq prosesindən sonra Bakıya gəlişi ABŞ-ın Azərbaycanla münasibətlərə verdiyi yüksək strateji önəmin bariz nümunəsi olacaq: "Tramp administrasiyası Bakıya sadəcə protokol qaydalarını yerinə yetirən klassik diplomat yox, birbaşa münaqişə sonrası sabitləşmə üzrə böyük təcrübəsi olan hərbi-strateji idarəçi göndərir. Bu diplomatın əsas missiyası Rusiya və İranın regional hədə-qorxu və təxribat ssenarilərinə qarşı Ermənistandakı seçkilərdən sonra formalaşan yeni sülh reallıqlarını və TRIPP xəttini fiziki olaraq qorumaq, ABŞ-Azərbaycan strateji tərəfdaşlıq müqaviləsinin bəndlərini icra etmək olacaq. Belə bir kəskin və praqmatik vəzifə öhdəliyi daşıyan amerikalı məmurun erməni kökənli olması haqqındakı iddialar rəsmi Bakının maraqları və qətiyyətli mövqeyi qarşısında heç bir əhəmiyyət kəsb etmir, əksinə, erməni tərəfinin bu namizəd üzərindən qurduğu lobbi xəyalları tamamilə puç olacaq".