ABŞ-nin müdafiə nazirindən NATO-ya sərt sözlər

ABŞ-nin müdafiə nazirindən NATO-ya sərt sözlər

Brüsseldə NATO-nun müdafiə nazirlərinin iclasında çıxış edən ABŞ-nin müdafiə naziri Pit Heqset alyansın gələcəyi ilə bağlı radikal və sərt mesajlar verib.

NOCOMMENT.az xəbər verir ki o, NATO-nun uzun müddətdir ki, effektiv olmayan və sadəcə "kağızdan pələng" (paper tiger) obrazında qaldığını bəyan edərək, bu vəziyyətin artıq sona çatdığını vurğulayıb. Nazir ABŞ-nin Avropadakı qüvvələrinin mövcudluğu ilə bağlı altı aylıq ciddi bir yoxlama prosesinə başlandığını elan edib. Bu yoxlamanın nəticəsi Avropa dövlətlərinin öz müdafiələri üçün nə qədər sürətlə məsuliyyət götürmələrindən asılı olacaq.

Heqsetin fikrincə, Avropanın Birləşmiş Ştatlardan asılı vəziyyətə düşməsi tarixi bir səhvdir. O qeyd edib ki, Uinston Çörçill, Şarl de Qoll və Konrad Adenauer kimi tarixi şəxsiyyətlər Avropanın bu cür zəif və asılı qalmasını nəzərdə tutmayıblar. Əksinə, Avropa güclü Amerikanın müttəfiqi olan müstəqil bir hərbi gücə çevrilməli idi. Pentaqon rəhbəri "era of free-riding" (təmənnasız xidmət dövrü) ifadəsini işlədərək bildirib ki, bəzi böyük və varlı Avropa ölkələri hələ də ABŞ-nin hesabına təhlükəsizliklərini təmin etməyə çalışırlar və bu yanaşma artıq qəbuledilməzdir.

ABŞ-nin alyansa maliyyə töhfələrinin bundan sonra digər müttəfiq ölkələrin müdafiə xərcləri üzrə hədəfləri nə dərəcədə yerinə yetirməsindən asılı olacağını bəyan edən nazir, xəbərdarlıq edib ki, müdafiə xərclərini artırmayan ölkələr üçün ABŞ-nin dəstəyi azaldılacaq. O, NATO-nu "NATO 3.0" formatına – real hərbi gücə malik, hər hansı təhdidi öz qitəsində neytrallaşdıra bilən ciddi bir hərbi alyansa çevirməyə çağırıb. Heqset vurğulayıb ki, Vaşinqton tərəfdaş axtarır, protektorat yox və Amerika öz maraqlarını qorumaqla yanaşı, müttəfiqlərinin də öz qitələrinin müdafiəsində liderliyi ələ almalarını gözləyir.