Məhərrəm ayı və Aşura mərasimləri ilə bağlı Azərbaycan tarixində diqqətçəkən faktlardan biri Zəngəzur bölgəsində yaşanıb.
NOCOMMENT.az xəbər verir ki, Milli Kimlik layihəsində dərc olunan və Araz Şəhrilinin qələmə aldığı araşdırmada Zəngəzurun qazısı, tarixçi və din xadimi Bəhlul Əfəndi Behcətin fəaliyyəti ilə bağlı maraqlı məlumatlar yer alıb.
Tarixi mənbələr göstərir ki, bölgənin sünni kəndlərində də İmam Hüseynin (ə) matəmi geniş şəkildə qeyd olunurdu.
Araşdırmaya görə, sünni məzhəbinə mənsub olan Bəhlul Əfəndi 1921–1922-ci illərdə Zəngəzurun sünni kəndlərini gəzərək insanları İmam Hüseynin (ə) matəminə qoşulmağa çağırıb. Bu barədə hətta onun siyasi rəqibi olan bolşevik Nəzər Heydərovun qeydlərində də məlumat verilib.
Mənbədə bildirilir ki, Bəhlul Əfəndinin çağırışından sonra Qubadlı bölgəsinin sünni kəndlərində hər gün matəm mərasimləri keçirilir, sakinlər sinə vurur və mərsiyələr oxuyurdular.
Aşura günü isə azərbaycanlı sünnilər "Şah Hüseyn!" və "Vay Hüseyn!" nidaları ilə dəstələr halında yürüş edir, Kərbəla hadisələrinə həsr olunmuş şəbih tamaşaları təşkil edirdilər. Dağ Tumas, Sirik, Qazanzəmi, Maşanlı, Xanlıq, Çay Tumas və Əfəndilər kəndlərinin sakinlərinin bu mərasimlərdə iştirak etdiyi qeyd olunur.
Araşdırma göstərir ki, İmam Hüseynə (ə) sevgi və Aşura ənənələri Azərbaycan tarixində yalnız bir məzhəbin deyil, bütövlükdə xalqın ortaq mənəvi dəyərlərindən biri olub.\\Musavat.com












