Bakıda türk musiqisinin təntənəsi yaşandı – Mədəniyyət Nazirliyinin nümayəndəsi səhnəyə çıxmadı – VİDEO

Bakıda türk musiqisinin təntənəsi yaşandı – Mədəniyyət Nazirliyinin nümayəndəsi səhnəyə çıxmadı – VİDEO

Dünən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında türk musiqisinin təntənəsi yaşandı.

NOCOMMENT.az xəbər verir ki, “Bir millət, iki dövlət” adlı musiqi tədbiri Ankarada fəaliyyət göstərən Elazıq Kültür və Tanıtma Vakfının təşkilatçılığı ilə baş tutub.

Şəhidlərimizin bir dəqiqəlik sükurla yad edilməsi və Azərbaycanla Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirin rəsmi hissəsində vakfın başqanı Prof.Dr. Kadirhan Sungurluoğlu, Xaricdəki Türklər və Əqrəba İcmaları Qurumunun (YTB) rəhbəri Abdullah Eren, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgül çıxış etdilər. Onlar Can Azərbaycanda bu tədbirin keçirilməsini “bir millət, iki dövlət”in tarixində çox mühüm mədəniyyət hadisəsi kimi qiymətləndirdilər. Elazığda olan qədim Harput şəhərinə həsr olunmuş “Harput Simfoniyası”nın bütün dünyada təbliği məqsədilə görülən işlərə diqqəti yönəltdilər.

Elə rəsmi hissədən sonra gecə 1984-cü ildən Türkiyədə yaşayan, Ankara Dövlət Opera və Baletinin daimi dirijoru olan rumıniyalı pianoçu, dirijor, bəstəkar Bujor Hoinicin idarə etdiyi Azərbaycan Dövlət Simfonik Orkestrinin və solist Tyrqay Coşkunun ifasında “Harput Simfoniyası”nın səsləndirilməsi ilə başladı.

Türkülərin ruhu, həyəcanı, ritmi Qərb texnikası ilə birləşən bu əsər 4000 illik tarixə malik Harput mədəniyyətinin müxtəlifliyini və canlı xarakterini tamaşaçılara çatdırdı.

Bədii hissədə Ankara Dövlət Opera və Balet Teatrının solistləri Fəryal Türkoğlu və Mehmet Yılmaz, eləcə də İstanbul Dövlət Opera və Balet Teatrının solisti Zeyneb Halvaşi, İzmir Dövlət Opera və Balet Teatrının solisti Aydın Uştuk “Yüksək minarələrdə kandillər yanır”, “İsfahan”, “Hüsenylikdən çıxdım şəhər yoluna”, “Yəmən türküsü”, “Nə fəryad edərsən, divanə bülbül”, “Oy axşamlar”, “Pəncərədən daş gəldi”, “Sarı gəlin”, “Çırpınırdın Qara dəniz”, “Cayda Çira” əsərlərini ifa etdilər. Orkestrin müşayiəti ilə “Harput Simfoniyası”, “Divan və Halay”, “Pəncərədən taş gəldi” əsərlərinin ifası zamanı Turqay Coşkunun qanunda (kanon) solist kimi çıxış etməsi tamaşaçılara əsrarəngiz anlara apardı.

Sonra Azərbaycanın tanınmış dirijoru Mustafa Mehmandarovun dirijorluğu ilə maestro Niyazinin “Türk marşı” və Qaytağı” əsərləri, “Sarı gəlin” xalq mahnısı, dahi bəstəkar Üzeyir Hacıbəyovin istiqlal şairimiz Əhməd Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın Qara dəniz” mahnısı təqdim olundu. İstər “İzmir marşı”nın əsasında yazılmış “Türk marşı”, istərsə də “Çırpınırdın Qara dəniz” mahnısı ifa olunarkən filarmoniyanın zalını görmək lazım idi: Azərbaycan və Türkiyə bayraqlarını qoşa dalğalayan izləyicilərlə orkestr və solistlər arasında heyrətamiz təmas yaranmışdı. Bu mənzərəni görəndə anlayırdın ki, dünyada heç bir qüvvə türk birliyinə xələl gətirə bilməz.

Qeyd edək ki, 2018-ci il 12 dekabr tarixində İstanbulda müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının 15 illiyinə həsr olunmuş “Bir millət, iki dövlət” simfonik konserti keçirilərkən, məhz maestro Mustafa Mehmandarov görkəmli həmkarı Niyazinin çoxdan unudulmuş “Türk marşı”nı təqdim etmişdi. Niyazi bu əsəri 1970-ci illərdə Türkiyəyə qastrol səfərindən ruhlanaraq qardaş türk xalqına həsr etmişdi. Bu gözəl əsərə Mustafa Mehmandarovun Cəmal Rəşid Rey adına konsert salonunda yeni nəfəs verməsi sevindirici haldır.

Amma konsertdə adamı məyus edən məqam da vardı. Təşkilatçıların böyük zəhmətinə baxmayaraq, “Bir millət”, iki dövlət” adlı konsertin rəsmi hissəsində Mədəniyyət Nazirliyimizi, eləcə də mədəniyyət sahəsini təmsil edən nümayəndələr çıxış etmədilər.

Doğrudur, konsert zalında əyləşənlərin arasında Mədəniyyət Nazirliyinin incəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayevi, Milli Məclisin deputatı, ictimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, filarmoniyanın direktoru Murad Adıgözəlzadə vardı.

Amma mədəniyyət naziri Adil Kərimli, Prezident Administrasiyasının humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, eləcə də MM-in Mədəniyyət Komitəsinin sədri Polad Bülbüoğlu heç tədbirə gəlməmişdilər.

Halbuki onlardan kiminsə türk rəsmiləri ilə bərabər çıxış etməsi Azərbaycan tərəfinə yalnız hörmət gətirə bilərdi. Və bu yerdə vaxtilə türk dünyasının bütün tədbirlərinə sevə-sevə qatılan, tədbirlərdə çıxış etməyi özünə borc bilən Qənirə Paşayeva kimi millət vəkilinin yeri yaman göründü…

Axı hamımız çox yaxşı xatırlayırıq: Çaykovski adına Böyük Simfonik Orkestrin bütün musiqiçiləri iyunun 15-də İrandan Azərbaycana təhlükəsiz şəkildə təxliyə olunduqdan sobnra onların təşəkkür əlaməti olaraq verdikləri konsertin rəsmi hissəsində Polad Bülbüloğlu çıxış etməyi özünə borc saymışdı.

“Mənə məlumat verildi ki, Çaykovski adına orkestr İranda idi. Orada rus mədəniyyəti günləri keçirildi. Ancaq İranda hadisələr başladı. Təcili olaraq insanları oradan təxliyə etmək lazım idi. Hamının adından Azərbaycan tərəfinə və Prezident İlham Əliyevə təşəkkür etmək istərdim. Bizim tərəfdən avtobuslar göndərildi, orkestrin Bakıya gəlməsi üçün əlimizdən gələni etdik. Ona görə də musiqiçilər və orkestrin yeni rəhbəri minnətdarlıq əlaməti olaraq burada çıxış etmək istədilər. Beləliklə, bu konserti təşkil etdilər. Düzü, belə bir anşlaq gözləmirdik, çünki afişalar və elanlar yox idi. Bu, bir daha Azərbaycan ictimaiyyətinin rus mədəniyyətinə, rus musiqisinə olan sevgisindən xəbər verir”, – deyə P.Bülbüloğlu sevinə-sevinə filarmoniya səhnəsindən söyləmişdi. Onun “rus sevgisi” lap Azərbaycanın bədnam rəhbəri Əbdürrəhman Vəzirovun vaxtilə “gözünüz aydın, ermənilər Bakıya qayıdır” muştuluğuna bənzəyirdi.

Halbuki, əsrlərlə ölkəmizə düşməncəsinə münasibət bəsləyən Rusiyanın son illərdə başımıza gətirdikləri müsibətləri, ölkəmizin ünvanına yağdırdıqları təhdidlər səbəbindən Polad Bülbüloğlunun səhnəyə çıxıb danışmasına ehtiyac belə yox idi. Sadəcə, Rusiya səfiri Mixail Yevdokimovun minnətdarlıq sözləri kifayət edərdi.

Azərbaycana açıq-aşkar düşməni münasibət bəsləyən ölkəni sevdiyini gizlətməyən zat II Qarabağ savaşında əsl “bir millət, iki dövlət” siyasətini nümayiş etdirən Türkiyəni, ümumiyyətlə bizim də ayrılmaz parçası olduğumuz türk mədəniyyətini sevə bilərmi? Əlbəttə, yox. Elə isə belə adamın Mədəniyyət Komitəsinin başında nə işi var?

Nə yaxşı ki, mədəniyyətimizdə üzümüzü ağardan maestro Mustafa Mehmandarov kimi şəxsiyyətlər var. Allah qorusun!

Xatirə SADİQ