Azərbaycanın Zəfər Günü münasibətilə Bakıda keçirilən möhtəşəm parad regionda güc balansını bir daha nümayiş etdirdi. Elə bu tədbirdən dərhal sonra Ermənistan Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin rəhbərliyi ilə “əməliyyat müşavirəsi” keçirib. Siyasi müşahidəçilər bu addımı təsadüfi saymır, xüsusən də Azərbaycanın hərbi və siyasi üstünlüyünün fonunda Paşinyanın belə bir toplantı keçirməsini psixoloji reaksiya kimi dəyərləndirirlər.
Mövzunu NOCOMMENT.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Paşinyanın belə bir müşavirə keçirməsi təsadüfi deyil, bu addım psixoloji reaksiyadır:

“Zəfər Günümüzdən və Bakının möhtəşəm paradından dərhal sonra Paşinyanın Silahlı Qüvvələrin rəhbərliyi ilə “əməliyyat müşavirəsi” keçirməsi təsadüfi deyil, psixoloji reaksiyadır. Ermənistan rəhbərliyi Zəfər Paradı ilə regionda qüvvə balansının tam dəyişdiyini bir daha dərk etdi. Paşinyan anlayır ki, artıq Cənubi Qafqazda oyun qaydalarını Azərbaycan müəyyən edir.”
Politoloqun sözlərinə görə, bu müşavirə həm də daxili auditoriyaya “biz də hərbi hazırlıqdayıq” mesajı verməyə yönəlib:
“Əslində, bu müşavirə qorxu xarakter daşıyır – Ermənistan ordusunun real döyüş qabiliyyəti bərpa olunmayıb. Rusiya ilə münasibətlərin gərginləşməsi, Qərb təlimatçılarının yetərsizliyi Paşinyanı strateji seçim qarşısında qoyub. O, bir tərəfdən NATO standartlarına keçmək istəyir, digər tərəfdən Moskvanın qəzəbindən çəkinir.”
Tural İsmayılov hesab edir ki, Ermənistan rəhbərliyinin bu cəhdi təhlükəsizlik doktrinasını yenidən formalaşdırmaq niyyəti daşıyır, lakin bunun reallaşması üçün nə resurs, nə də real tərəfdaş mövcuddur:
“Paşinyanın “əməliyyat müşavirəsi” adlandırdığı toplantı əslində simvolik addımdır – reallıqda isə əməliyyat qabiliyyəti yoxdur. Ermənistanın gələcək siyasəti Qərbə inteqrasiya cəhdləri və Rusiyadan uzaqlaşma xətti üzərində qurulacaq. Lakin bu kurs həm daxildə, həm də orduda ciddi parçalanmalar yaradacaq.”
Sonda politoloq qeyd edib ki, Ermənistan artıq geopolitik seçimində dönməz nöqtəyə çatıb və bu proseslər Azərbaycanın regiondakı aparıcı mövqeyinə təsir göstərə bilməz:
“Paşinyan nə qədər müşavirə keçirsə də, fakt dəyişməzdir: Ermənistan ordusu məğlub, Azərbaycan isə qalib tərəfdir.”
Aynurə İsmayıl












