Bu olmasa, Makronun Paşinyana dəstəyi "bir qəpiyə" dəyməyəcək - Detallar

Bu olmasa, Makronun Paşinyana dəstəyi "bir qəpiyə" dəyməyəcək - Detallar

Avrasiya İqtisadi İttifaqı daxilində formalaşan mövcud mühit getdikcə daha çox "Rusiya və onun tərəfdaşları" klubunun diktə siyasətini xatırladır. Son dövrlər Rusiya rəsmilərinin bir ağızdan "Ermənistan Avropa İttifaqına inteqrasiya siyasətindən imtina etməzsə, Avrasiya İqtisadi İttifaqından çıxarılacaq" şəklində bəyanatlar səsləndirməsi Kreml tərəfindən tərəfdaşlıq prinsiplərinin tamamilə arxa plana keçirildiyini göstərir. Moskva rəsmiləri bu cür kəskin xəbərdarlıqlar edərkən birliyə üzv olan digər suveren dövlətlərin rəyi ilə qətiyyən hesablaşmır, faktiki olaraq onların yerinə də birtərəfli qərarlar verirlər. Maraqlıdır ki, indiyə qədər ittifaqın digər üzvləri olan Qazaxıstan və Qırğızıstan rəsmilərindən Ermənistan hökumətinin ünvanına üzvlükdən çıxarılma ilə bağlı hər hansı təhdid dolu rəsmi açıqlama gəlməyib. Buna baxmayaraq, həmin dövlətlər rusiyalı rəsmilərin bəyanatlarına tərs düşən və ya İrəvanı müdafiə edən fikir bildirməkdən də yayınırlar. Məhz bu daxili sükutun və tabeçiliyin nəticəsidir ki, Astanada keçirilən Avrasiya İqtisadi İttifaqının son sammitində Ermənistanla bağlı Kremlin maraqlarına uyğun xüsusi bəyanat qəbul edilib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Astanadakı sammitin pərdəarxası məqamları Rusiyanın öz qərarlarını digər ittifaq üzvlərinə necə qəbul etdirdiyini açıq şəkildə ortalığa qoyur: "Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakovun da sızdırdığı məlumatlardan aydın olur ki, Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Belarus Prezidenti Aleksandr Lukaşenko və Qırğızıstan Prezidenti Sadır Japarov sammit çərçivəsində Ermənistanın Avropa İttifaqına üzv olmaq planları ətrafındakı vəziyyəti geniş müzakirə ediblər. Burada ortalığa çıxan mənzərə odur ki, Rusiya rəsmi İrəvanla bağlı drakon addımlarını və cəza mexanizmlərini digər üzv dövlətlərin rəhbərlərinə rəsmən qəbul etdirib. Bu isə Ermənistanın iqtisadi mühasirə riskini daha da reallaşdırır".

Onun sözlərinə görə, Avropa İttifaqı sözdə deyil, əməli müstəvidə Ermənistan hökumətinə real iqtisadi və təhlükəsizlik dəstəyini təcili şəkildə artırmasa, Kreml vaxtilə Ukraynada tətbiq etdiyi cəza ssenarisini İrəvanda da təkrarlamağa tam hazırdır: "Vaxtilə Ukrayna məhz Avropa İttifaqı ilə assosiativ saziş imzalamağa çalışdığına görə Kreml tərəfindən hərbi və iqtisadi fəlakətlə cəzalandırıldı. İndi analoji hədəf taxtasında Nikol Paşinyan hökuməti dayanıb. İrəvanda sadəcə Avropa Siyasi Birliyinin sammitini keçirmək qətiyyən kifayət deyil; Brüssel Rusiyanın Paşinyana qarşı artan bu aqressiv təzyiqlərini neytrallaşdırmağın real yolları barədə düşünməlidir. Rusiya hazırda Ermənistana satılan təbii qazın qiymətlərini kəskin qaldırmağı planlaşdırır, üstəlik, erməni kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına girişi artıq qadağan edilib. Əgər Avropa İttifaqı öz nəhəng bazarını Ermənistan məhsullarına aça bilməyəcəksə və bu ölkəni qazla təmin etməyin alternativ, rəqabətədavamlı yollarını hərəkətə gətirməyəcəksə, Brüsselin və Fransa Prezidenti Emmanuel Makronun Paşinyana verdiyi bəlağətli, sözdə dəstəklərin heç biri bir qara qəpiyə də dəyməyəcək".