Ermənistanda keçiriləcək taleyüklü parlament seçkilərinə artıq sayılı günlərin qalması həm bu ölkədə, həm də bütövlükdə Cənubi Qafqaz regionunda hərbi-siyasi gərginliyi pik həddə çatdırıb. Bu seçkilərin nəticələri sadəcə İrəvanda kimin hakimiyyətdə qalacağını müəyyən etməyəcək, həm də Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının gələcəyini, Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesini, Rusiyanın regiondakı təsir rıçaqlarını və hətta Avropanın enerji təhlükəsizliyi xəritəsini dərindən formalaşdıracaq.
Mövcud reallıq daxilində rəsmi Bakı Ermənistandakı seçki prosesinə heç bir formada müdaxilə etməsə də, sülh danışıqlarının gedişindən, delimitasiya prosesinin uğurla davam etməsindən məmnun olsa da, İrəvandakı seçki kampaniyalarının əsas hərəkətverici qüvvəsinə məhz Azərbaycan faktoru çevrilib. Ermənistan seçicisi hazırda iki tamamilə fərqli qütb – bir tərəfdən Azərbaycanla regional əməkdaşlığın, sərhədlərin açılmasının və sülhün vəd etdiyi iqtisadi dividend bəhrələrindən danışan Nikol Paşinyan, digər tərəfdən isə cəmiyyətdə süni azərbaycanofobiya və qorxu yaradaraq revanşizm xətti ilə xalqa nicat yolu kimi yalnız
Rusiyanı göstərən Robert Koçaryan və komandası arasında seçim etmək məcburiyyətindədir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Turan Rzayev bildirib ki, Ermənistandakı gərgin siyasi mənzərəyə nəzər saldıqda seçki kampaniyasının qalibini və məğlubunu birbaşa Azərbaycan faktorunun və rəsmi Bakının bölgədə yaratdığı yeni reallıqların müəyyən edəcəyi artıq bəri başdan dəqiqdir: "Hazırda real çəkinin və üstünlüyün Nikol Paşinyanın xeyrinə olduğunu rahatlıqla demək olar. Paşinyan və onun komandası erməni cəmiyyətinə daha rəngli, orijinal və gələcəyə hesablanmış bir kampaniya təqdim edir. Onun Ermənistanı Avropa İttifaqına inteqrasiya etmək vədləri, hətta bu hədəf qısa müddətdə reallaşmasa belə, erməni seçicisi üçün Koçaryanın daimi olaraq 'Azərbaycan təhlükəsi' ilə qorxu yaymasından və ölkəni yenidən Rusiyanın tam forpostuna çevirmək çağırışlarından qat-qat cəlbedici və xoş səslənir. Digər tərəfdən, Paşinyanın Türkiyə ilə sərhədlərin açılması və regional sülh prosesi istiqamətində atdığı real addımlar erməni xalqının uzun illərdir davam edən blokadadan xilas olmaq istəyinə tam cavab verir".
Politoloqun sözlərinə görə, Robert Koçaryan, Serj Sərkisyan və Seyran Ohanyan kimi Qarabağ klanı təmsilçilərinin və revanşist qüvvələrin seçki kampaniyasını israrla və aqressiv şəkildə Azərbaycan təhdidi üzərində qurmasının arxasında duran əsas səbəb xalqın taleyi deyil, özlərinin şəxsi can qorxusu və hüquqi məsuliyyətdən qaçmaq cəhdləridir: "Bu canilər çox yaxşı dərk edirlər ki, seçkidə növbəti dəfə ağır məğlubiyyətə uğrasalar, Ermənistan daxilində siyasi çəkilərini tamamilə itirəcəklər və bundan sonra Paşinyan hökuməti onların həbs edilərək törətdikləri müharibə cinayətlərinə görə bu və ya digər formada Azərbaycana təhvil verilməsi prosesinə rəvac verə bilər. Azərbaycan tərəfi hazırda rəsmən belə bir kəskin tələb irəli sürməsə də, tarixi ədalətin bərpası baxımından gələcəkdə bu məsələyə yenidən qayıdacağı heç kimdə şübhə doğurmur".
Turan Rzayev bu şəxslərin keçmişdə də Azərbaycan ordusunun qorxusundan dəfələrlə qaçdıqlarını xatırladaraq, seçkidən sonrakı dövrdə onları beynəlxalq mühakimə prosesinin gözlədiyini vurğulayıb: "Xatırlayırsınızsa, 44 günlük Vətən müharibəsi dövründə Köçəryan, Sərkisyan və Ohanyan şou xatirinə Qarabağa gəlmişdilər. Azərbaycan kəşfiyyatı onların koordinatlarını və olduqları yerləri dəqiqliklə bilir və həbs əməliyyatına hazırlaşırdı. Lakin Rusiya kəşfiyyat orqanlarından təcili şəkildə xəbərdarlıq alan Koçaryan Ermənistana qaçdı, onun ardınca Sərkisyan, Şuşanın azad olunması ərəfəsində isə Ohanyan Qarabağdan qorxu içində fərarilik etdi. Seçkilərin yekununda Paşinyanın növbəti qələbəsi bu revanşist klanın Ermənistanın siyasi səhnəsindən birdəfəlik silinməsi ilə nəticələnəcək. Adı çəkilən şəxslər Azərbaycana birmənalı olaraq birbaşa verilməsə də, seçkidən sonra rəsmi Bakı və İrəvanın ortaq hüquqi razılaşması və ya xüsusi məhkəmə prosesi çərçivəsində mühakimə edilərək dəmir barmaqlıqlar arxasına göndərilmələri tamamilə real ssenaridir", - deyə politoloq fikirlərini tamamlayıb.
Tunar,
NOCOMMENT.az











