Ceyhun Bayramov Mirzoyanla görüşəcək

Ceyhun Bayramov Mirzoyanla görüşəcək

İyulun 25-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə danışıqlar aparacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüşdə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması müzakirə olunacaq.

Həmçinin, hər iki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri Qarabağ ətrafında vəziyyətin deeskalasiyası yollarını təhlil edəcək və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli sazişlərinin həyata keçirilməsinin intensivləşdirilməsi yollarını müzakirə edəcəklər.

“Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına, qalan məsələlərin həlli yollarının axtarılmasına xüsusi diqqət yetiriləcək, Rusiya bu işdə maksimum köməklik göstərməyə hazırdır”, – bəyanatda deyilir.

Nazirlər həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının digər əsas istiqamətlərini, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası, ictimaiyyətlə ekspertlər arasında təmaslar, parlamentarilər arasında dialoqun başlanması kimi məsələləri müzakirə edəcəklər.