DİQTƏ SİNDROMU — AŞPA-nın sınmış rıçaqları və suveren Bakının qətiyyəti!

DİQTƏ SİNDROMU — AŞPA-nın sınmış rıçaqları və suveren Bakının qətiyyəti!

Avropa mərkəzli bürokratiyanın müasir dünya nizamından və real coğrafi həqiqətlərdən nə qədər təcrid olunduğunu göstərən növbəti addım Avropa Şurası Parlament Assambleyasının (AŞPA) cari rəhbərliyi, xüsusən də təşkilatın prezidenti Petra Bayr tərəfindən atıldı. Beynəlxalq media resurslarından birinə geniş müsahibə verən xanım Bayr, Azərbaycanın nümayəndə heyətinin qurumdakı mandatının bərpası məsələsini ölkənin daxili hüquqi proseslərinə kobud müdaxilə xarakteri daşıyan "siyasi məhbusların azad edilməsi" şərti ilə əlaqələndirərək faktiki olaraq Bakıya ultimatum irəli sürməyə cəhd edib.

Bununla paralel olaraq, rəsmi Bakının öz suveren hüquqları çərçivəsində tətbiq etdiyi qanuni qadağalardan və özünün "arzuolunmaz şəxslər" siyahısına salınmasından gileylənən avropalı məmur, həm hədə-qorxu gəlmək, həm də dövlətlərin adekvat cavab addımlarından narazı qalmaq kimi absurd bir məntiq nümayiş etdirir. Bu bəyanat təsadüfi bir yanaşma deyil, uzun illərdir beynəlxalq platformaları öz maraqlarına uyğun bir təzyiq alətinə çevirən köhnəlmiş bir təsisatın dərin sistem böhranı içində boğulduğunun bariz sübutudur.

Ötən əsrin 90-cı illərində regional dialoq meydançası kimi düşünülən bu qurum, 2026-cı ilin qlobal güc balansında artıq heç bir ciddi çəkisi və nüfuzu olmayan, dar bir lobbi klubuna çevrilmiş durumdadır. Avropanın daxilində belə sıravi vətəndaşların mövcudluğundan və fəaliyyətindən xəbərsiz olduğu AŞPA, müasir dünyanın çoxqütblü arxitekturasını dərk edə bilmir və hələ də "Avropa dəyərləri" adı altında köhnəlmiş təzyiq mexanizmlərini universal bir diktə silahı kimi tətbiq edə biləcəyi illüziyası ilə yaşayır. Lakin zaman kökündən dəyişib; dünya artıq birtərəfli dominantlığın hökm sürdüyü köhnə platforma deyil.

Qərbin bu mənasız "insan hüquqları" ritorikasının nə qədər riyakar, selektiv və ikili standartlara söykəndiyini görmək üçün regional müstəvidə çox uzağa getməyə ehtiyac yoxdur. Parlament seçkiləri ərəfəsində və bilavasitə səsvermə prosesində qonşu Ermənistanda baş verən kütləvi hüquq pozuntuları, müxalif yönümlü şəxslərə qarşı aparılan total repressiyalar Strasburqun gözündən tamamilə "qaçıb". Erməni müxalifət qüvvələrinin rəsmi hesabatlarına görə, qondarma demokratik rejim tərəfindən həbs edilən və təqibə məruz qalan müxalifətçilərin ümumi sayısı 1000 nəfərlik kritik həddi çoxdan ötüb.

Təkcə iyunun 7-də, seçki məntəqələrinin açıldığı gün Samvel Karapetyan bloku da daxil olmaqla, alternativ siyasi qüvvələrin 150-yə yaxın aktiv nümayəndəsi və seçki qərargahı rəhbəri əsassız olaraq nəzarətə alınıb. Jurnalistlərin peşə fəaliyyətinə edilən fiziki təzyiqlər, azad medianın boğulması və etiraz edən gənclərin cəza mexanizmi olaraq zorla hərbi xidmətə yola salınması faktları qarşısında AŞPA və digər Avropa strukturları heyrətamiz bir sükuta qərq oldular. Bu total korluq və karhq sübut edir ki, Strasburq üçün hüquq anlayışı yalnız siyasi konyukturaya və coğrafi maraqlara xidmət edən kinayəli bir maskadır.

Azərbaycan dövləti üçün artıq bu cür əhəmiyyətini itirmiş təşkilatların daxilində qalmağın heç bir siyasi, iqtisadi və ya mənəvi zərurəti yoxdur. Rəsmi Bakının təxminən iki ildir ki, bu platformanın iclaslarında və fəaliyyətində iştirakını dondurması ölkənin daxili və xarici siyasətinə heç bir mənfi təsir göstərməyib, əksinə, Azərbaycanın beynəlxalq arenadakı mövqelərinin nəzərəçarpacaq dərəcədə möhkəmlənməsi ilə üst-üstə düşüb. Bu dövr ərzində ölkə iqtisadiyyatı dayanıqlı inkişaf tempini qoruyub, qlobal enerji diplomatiyasında Bakının strateji rolu daha da genişlənib, milli hərbi sənaye kompleksi isə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Türkiyə ilə qurulan sarsılmaz müttəfiqlik, ABŞ, Türk Dövlətləri Təşkilatı və Yaxın Şərqin nəhəng iqtisadi gücləri ilə qurulan balanslı, bərabərhüquqlu strateji tərəfdaşlıq əlaqələri Bakının xarici siyasət vektoru üçün AŞPA-nın kağız üzərindəki qərarlarından qat-qat faydalıdır. Avropalı funksionerlər öz kabinetlərində mənasız qətnamələr hazırlayarkən, Azərbaycan öz suverenliyini tam bərpa edərək real inkişaf tapşırıqlarını təkbaşına həll edir.

Bu səbəbdən, ömrünü bitirmiş bu strukturla yolları tamamilə ayırmaq Azərbaycan üçün bir təhdid və ya itki deyil, tamamilə rasional, praqmatik və məntiqli bir addımdır. Bu qərardan doğacaq heç bir ciddi iqtisadi maneə və ya mənfi nəticə mövcud deyil, çünki müasir dünya artıq Strasburqun diktə etdiyi mifik qaydalarla idarə olunmur. Geosiyasət özünün əzəli prinsiplərinə — real gücə, resursların düzgün idarə olunmasına, daxili sabitliyə və öz mövqelərini qətiyyətlə qorumaq bacarığına qayıdıb.

Azərbaycan artıq çoxdan öz müstəqil inkişaf magistralını seçib və köhnə Avropa kabinetlərindən gələn heç bir ultimatum Bakının bu strateji kursunu dəyişmək iqtidarında deyil. Reallığı rəsmen qeydə almağın vaxtıdır: vaxtı keçmiş strukturlar sürətlə inkişaf edən müasir suveren dövlətlərin xarici siyasət gündəliyində yer almağa layiq deyil. AŞPA öz keçmişində və illüziyalarında boğulmaqda davam edir, Azərbaycanın — suveren, güclü və özünə əmin dövlətin zamanı isə yalnız sürət yığır.

Əli Səfərli,
NOCOMMENT.az