Dünyaya dərs keçən ordu — Cənubi Qafqazda qüvvələr nisbətini necə dəyişdi?

Dünyaya dərs keçən ordu — Cənubi Qafqazda qüvvələr nisbətini necə dəyişdi?

"Azərbaycan ordusu 108 illik tarixi ərzində böyük bir qəhrəmanlıq yolu keçib. Biz bunu hələ Cümhuriyyət dövründə yeni-yeni təşkil olunanda onların Qarabağda apardıqları savaşda şahid olmuşduq. Baxmayaraq təcrübəsiz idilər, ermənilərə qarşı bir qəhrəmanlıq nümayiş etdirmişdilər. Eləcə də Cümhuriyyət süqut edəndən sonra baş qaldıran Gəncə qiyamında... Azərbaycan ordusu mayın 25-31 aralığındakı Gəncə qiyamında Sovet ordusunun birləşmələrinə qarşı, baxmayaraq silahlar, insan resursları cəhətdən az idilər, yerli əhali ilə birlikdə böyük bir savaş aparmışdılar. Ondan sonra Sovet İttifaqının tərkibinə keçdikdən sonra da Azərbaycandan orduya çağırılanlar qulluq etdikləri yerlərdə ad-san çıxarmışdılar. Xüsusilə İkinci Dünya Müharibəsində Azərbaycan ordusundan ibarət yaradılan diviziyaların müharibədə keçdikləri yoldan təkcə Azərbaycanda deyil, SSRİ tərkibində bütün ölkələr danışırdılar. Eləcə də digər Avropa ölkələri. Yəni bütün bunları ona görə sadalayıram ki, 1918-ci ildə yaradılan Azərbaycan ordusu bu günə qədər zaman-zaman, bəlli dönəmlərdə qatıldıqları savaşlarda göstərdikləri misilsiz igidliklər unudulmamalıdır."


Bu barədə NOCOMMENT.az-a danışan AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Silahlı Qüvvələrin keçdiyi tarixi inkişaf mərhələlərini, Birinci və İkinci Qarabağ savaşlarında göstərdiyi misilsiz rəşadəti yüksək qiymətləndirib.

Partiya rəsmisi vurğulayıb ki, Azərbaycan əsgərinin döyüş ruhu və fədakarlığı tarixin heç bir dönəmində sarsılmayıb, hər zaman düşmənə qarşı son nəfəsə qədər mübarizə aparılıb: "1990-cı illərin əvvəllərindəki Birinci Qarabağ Savaşında baxmayaraq ki, bəlli idarəçilik və xarici müdaxilə səbəblərindən məğlub olduq, onda da verilən şəhidlər və itkilər birmənalı olaraq göstərir ki, ordumuz heç də düşmənin qarşısından qaçmayıb, sona qədər döyüşüb. Verilən şəhidlər də bu qəhrəmanlığın ən böyük əyani sübutudur. Eləcə də İkinci Qarabağ Savaşında da ordumuzun yazdığı tarixdən yəqin ki, təkcə Azərbaycan deyil, bütün dünyanın danışdığını hər kəs bilir. Ordumuzun xüsusilə Şuşa əməliyyatı olsun, digər çətin coğrafi yerlərdə apardıqları döyüş taktikaları olsun, bu gün bir sıra aparıcı ölkələrin hərb dərsliklərinə salınır. Yəni bu da heç bir halda təsadüf deyil, rəşadətli bir ordunun peşəkarlıq zirvəsidir".

Cavanşir Abbaslının sözlərinə görə, ordumuzun 44 günlük müharibədə qazandığı tarixi zəfər regionda tamamilə yeni geopolitik nizam bərqərar edib və Azərbaycanın şərtlərini dünyaya qəbul etdirib: "Bir sözlə, Azərbaycan ordusu 44 günlük savaşda Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaratdı. Bu yeni reallıqlarla qlobal və iri güclər belə sonunda barışmağa və rəsmi Bakının iradəsinə hörmət etməyə məcbur oldular. Doğrudur, hazırda Ermənistanla tam sülh əldə olunmayıb, amma sülhün də tezliklə imzalanacağı və əldə olunacağı gözlənilir. Bir sözlə, Qarabağın tam azad edilməsində, Cənubi Qafqazda yeni reallıqların yaradılmasında, gələcəkdə əldə olunacaq sülhün təmin edilməsində, həm də məhz Azərbaycanın istəkləri və milli maraqları formasında təmin edilməsində Azərbaycan ordusu bir nömrəli rol oynayıb və bu gün də qarant rolundadır. Allah bütün şəhidlərimizə rəhmət etsin. Hər zaman ordumuzun başı uca olsun. Hər il də biz böyük qürurla ordumuzun növbəti yaşlarını bütöv Azərbaycan daxilində yüksək coşğu ilə qeyd edək".