Efiopiya rəsmisi Azərbaycanda: Afrika ölkələrinin diqqətini cəlb edən nədir?

Efiopiya rəsmisi Azərbaycanda: Afrika ölkələrinin diqqətini cəlb edən nədir?

“Böyük ölkələrin son illərdə Afrika regionuna marağı artıb.”

Bu sözləri NOCOMMENT.az-a politoloq Elxan Şahinoğlu Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin Azərbaycana səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Afrika ölkələri Azərbaycan modelini diqqətlə izləyir:

“Afrika ölkələri zəngin təbii sərvətlərə malik olsalar da, uzun müddət müstəmləkə altında qalması onların inkişaf tempini zəiflədib və regionda müxtəlif problemlər yaradıb. Efiopiya isə Afrikada müstəmləkədə olmamış nadir ölkələrdən biridir. Zəngin tarixə və böyük mədəniyyətə sahib bu ölkənin bu gün Azərbaycana əməkdaşlıq məqsədilə səfər etməsi mühümdür.

Azərbaycanın özü də Afrika ölkələri üçün maraqlı bir nümunədir.

Avropa və Asiyanın kəsişməsində yerləşən, inkişaf etmiş, mədəni və iqtisadi uğurlara sahib bir ölkə kimi Azərbaycana diqqət göstərirlər. Bir çox Afrika ölkələri Azərbaycan təcrübəsini müxtəlif sahələrdə tətbiq etmək niyyətindədir.

Efiopiya Baş naziri Abiy Əhməd Əli də yenilikçi liderdir və Azərbaycanın inkişaf yolunu ortaq maraqlar baxımından əhəmiyyətli hesab edir. Hesab edirəm ki, bu səfər hər iki ölkə üçün məhsuldar olacaq”.

Atilla Rzasoy