Tanınmış jurnalistə yeni vəzifə verildi

Tanınmış jurnalistə yeni vəzifə verildi

Azərbaycan Ekoturizm Assosiasiyasında baş katib vəzifəsi təsis edilib.

NOCOMMENT.az xəbər verir ki, Assosiasiyanın İdarə Heyətinin qərarı ilə qurumda Baş Katib vəzifəsi təsis edilib.

Tanınmış jurnalist, ictimai fəal, media meneceri, Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmiş Şakir Vəfa oğlu Eminbəyli bu vəzifəyə təyin olunub.

Baş Katib vəzifəsinin təsis edilməsi Assosiasiyanın institusional inkişafının gücləndirilməsi, ictimai əlaqələrin daha sistemli qurulması, tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, ekoloji mədəniyyət və ekoturizm ideyalarının cəmiyyətə daha təsirli şəkildə çatdırılması məqsədi daşıyır.

Şakir Eminbəylinin Azərbaycan Ekoturizm Assosiasiyası ilə əməkdaşlığının uzun tarixi var. O, Assosiasiyanın təşəbbüslərinə, ekoloji maarifləndirmə fəaliyyətlərinə və ictimai kommunikasiya proseslərinə verdiyi dəstəklə yaşıllar, ekoaktivistlər, AzETA-nın tərəfdaşları və dostları, ümumilikdə cəmiyyət arasında fəallığı ilə seçilir.

Azərbaycan Ekoturizm Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib:

“Ekoturizm yalnız təbiətə səyahət deyil. Bu, ekoloji mədəniyyət, məsuliyyətli turizm, yerli icmaların inkişafı, milli-mədəni irsin və təbiətin qorunması məsələsidir. Şakir Eminbəylinin media təcrübəsi, ictimai nüfuzu və Assosiasiya ilə uzunmüddətli əməkdaşlığı fəaliyyətimizin daha sistemli və təsirli qurulmasına mühüm töhfə verəcək. Şakir müəllimi və bütün AzETA ailəsini bu təyinat münasibətilə təbrik edir, birgə fəaliyyətimizdə uğurlar arzulayıram.”

Assosiasiya ekoloji mədəniyyətin və ekoturizmin inkişafını gücləndirir, dövlət siyasətinə ictimai dəstək verir, eləcə də müxtəlif turizm istiqamətlərinin inkişafında fəal iştirak edir. Baş katib Şakir Eminbəyli isə bu məqsədlərin həyata keçirilməsi çərçivəsində ictimai və institusional əlaqələrin möhkəmləndirilməsi, media və tərəfdaşlıq platformalarının inkişafı və ekoturizm sahəsində peşəkar dialoqun təşviqini idarə edəcəkdir.

Azərbaycan Ekoturizm Assosiasiyası haqqında:

“Azərbaycan Ekoturizm Assosiasiyası” İctimai Birliyi 2019-cu ildə təsis edilmiş, ölkədə ekoturizmin, ekoloji mədəniyyətin və dayanıqlı turizm yanaşmalarının inkişafına dəstək verən qeyri-hökumət təşkilatıdır. Assosiasiya təbiətə məsuliyyətli turizm fəaliyyətlərinin təşviqi, milli parkların və təbii ərazilərin dayanıqlı əsaslarla tanıdılması, yerli icmaların turizm proseslərinə cəlb edilməsi, alternativ və ekoloji yerləşdirmə modellərinin təşviqi, həmçinin ekoturizm sahəsində maarifləndirmə, ekspert və tərəfdaşlıq fəaliyyətinin aparılması istiqamətində çalışır. Metbuat.az