Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətdə yaşanan liderlik böhranı ilə bağlı sərt açıqlamalar verib.
NOCOMMENT.az xəbər verir ki, Ərdoğan CHP-də son günlər davam edən Kılıçdaroğlu-Özel qarşıdurmasına münasibət bildirərək partiyanın gündəminin yalnız daxili çəkişmələrdən ibarət olduğunu deyib.
Onun sözlərinə görə, müxalifət ölkənin problemlərindən uzaq düşüb.
“Onların gündəliyi yalnız vəzifə uğrunda mübarizə və təhqirlərdir. Dünən qəhrəman elan etdikləri insanları bu gün xain adlandırırlar”, - deyə Ərdoğan bildirib.
Türkiyə lideri çıxışında keçmiş prezidentliyə namizəd Muharrem İnce ilə bağlı yaşananları da xatırladıb. O qeyd edib ki, vaxtilə də partiya daxilində eyni münasibət nümayiş etdirilib və siyasi fiqurlar günlərlə hədəfə çevrilib.
Ərdoğan bildirib ki, CHP-də yaşanan proseslər partiyanın daxili məsələsidir və hakimiyyət bunu “təhlükəsiz məsafədən” izləyir: “Baş verənlər əsas müxalifət partiyasının daxili problemidir. Biz sadəcə Türkiyə siyasətinə yaraşmayan bu müzakirələri kənardan izləyirik”.
Prezident çıxışı zamanı enerji layihələrinə də toxunub. O bildirib ki, 2025-ci ilə qədər Türkiyənin 78 vilayətində ümumi investisiya dəyəri 5,6 milyard dollar olan 7110 elektrik istehsalı stansiyası fəaliyyətə başlayacaq.
Ərdoğan həmçinin Türkiyənin regionda enerji mərkəzinə çevrildiyini vurğulayaraq, ölkənin strateji əhəmiyyətinin getdikcə artdığını qeyd edib.
Tunar
NOCOMMENT.az












