Erməni spiker başından böyük danışdı – SƏBƏBİ nədir?

Erməni spiker başından böyük danışdı – SƏBƏBİ nədir?

İrəvan siyasi rəhbərliyinin Cənubi Qafqazda sülh mühitini zədələməyə yönəlmiş təxribatçı bəyanatlarının ardı-arası kəsilmir. Ermənistan parlamentinin yenicə bu posta gətirilən sədrinin son açıqlamaları da göstərir ki, ölkənin siyasi elitası hələ də destruktiv ritorikadan əl çəkmək niyyətində deyil. Avqustun 5-də keçirilən parlament iclasında çıxış edən rəsmi şəxs absurdluq həddinə çatan iddialar irəli sürərək, guya Azərbaycanın Ermənistan üçün əsas təhlükə mənbəyi olduğunu iddia edib. Sülh müqaviləsinin hələ də imzalanmamasını öz ölkələri üçün təhlükə kimi qələmə verən erməni spiker reallığı tamamilə təhrif edib. Xatırlatmaq yerinə düşər ki, o, qısa müddət əvvəl Bakıda qanun qarşısında cavab verən erməni terrorçularını "əsir" adlandırmışdı. Halbuki kapitulyasiya aktına imza atmış Ermənistana bu gün ən böyük təhlükə məhz onun öz daxilindən, sülh prosesini ləngidən, konstitusiyasında ərazi iddialarını qoruyub saxlayan və vaxt uzadan revanşist siyasətdən gəlir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor, politoloq Qabil Hüseynli qeyd edib ki, Ermənistan rəsmilərinin bu cür məsuliyyətsiz və destruktiv bəyanatlar səsləndirməsi İrəvanın sülh gündəliyindən yayınmaq üçün növbəti manipulyasiya cəhdidir: "Ermənistan parlamentinin yeni sədrinin Azərbaycanı təhlükə mənbəyi kimi qələmə verməsi tamamilə absurd və reallığı təhrif edən mövqedir, çünki regionda sülhün və sabitliyin bərqərar olmasını istəməyən məhz Ermənistanın öz revanşist dairələridir və onlar hələ də xülyalarla yaşayırlar".

Onun sözlərinə görə, İrəvan hakimiyyəti daxili auditoriyanı aldatmaq, ictimai fikri yayındırmaq və qonşu dövlətlərə qarşı ərazi iddialarını pərdələmək üçün hələ də köhnə stereotiplərdən əl çəkmir: "Əgər Ermənistan həqiqətən də bölgədə təhlükəsiz yaşamaq, iqtisadi layihələrdən bəhrələnmək və gələcəyini qurmaq istəyirsə, mənasız və əsassız ittihamlar səsləndirmək əvəzinə, üzərinə düşən beynəlxalq öhdəlikləri dərhal yerinə yetirməli, ölkə konstitusiyasından Azərbaycana qarşı bütün ərazi iddialarını qəti şəkildə çıxarmalı və real sülh müqaviləsini tez bir zamanda imzalayaraq reallıqla barışmalıdır".