Ermənilər Paşinyanla bağlı elə qərar verəcəklər ki... - Nikol təcili hərəkətə keçdi

Ermənilər Paşinyanla bağlı elə qərar verəcəklər ki... - Nikol təcili hərəkətə keçdi

Ermənistan siyasi tarixlərinin ən taleyüklü və gərgin dövrlərindən birini yaşayır. Bu kontekstdə ölkədə keçiriləcək 7 iyun parlament seçkiləri sıradan bir səsvermə deyil, Yerevanın həm daxili transformasiyasını, həm də gələcək geosiyasi oriyentasiyasını müəyyən edən fundamental yol ayrıcısıdır.

Bu seçkilərdən sonra keçirilməsi nəzərdə tutulan konstitusiya referendumu da nəzərə alınarsa, erməni cəmiyyəti faktiki olaraq öz taleyini səsə qoyur. Baş tutan gərgin təbliğat kampaniyası fonunda rəsmi Moskvaya bağlı qüvvələrin və revanşist müxalifətin təhdid dolu ritorikasına rəğmən, Nikol Paşinyanın "Mülki Müqavilə" partiyasının sülh və "Real Ermənistan" doktrinası üzərindən qurduğu strategiya xalq arasında fərqli reaksiyalara səbəb olur. Hətta seçkiyə sayılı günlər qalmış "Europe Elects" və digər beynəlxalq analitika platformalarının keçirdiyi rəy sorğularında Paşinyanın reytinqinin ciddi sıçrayış nümayiş etdirərək 65%-ə çatması və daxildəki əsas rəqiblərinin 12%-lik səs həddini belə keçə bilməməsi, şimaldan gələn təzyiq, şantaj və qazın bahalaşdırılması kimi iqtisadi sanksiya təhdidlərinin erməni seçicisində əks-effekt yaratdığını göstərir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Samir Əsədli qeyd edib ki, 7 iyun səsverməsi Ermənistanın Rusiyanın tam təsir dairəsindən çıxıb birdəfəlik Qərbə inteqrasiya edib-etməyəcəyini göstərən tarixi bir sınaqdır: "Ermənistanda cəmiyyət və siyasi elita çox kəskin şəkildə qütbləşib. Bir tərəfdə regional layihələrin açılmasını, Azərbaycanla sülh müqaviləsini, konstitusiya islahatlarını dəstəkləyən və ölkəni Avropa ailəsinə inteqrasiya etməyə çalışan Paşinyan hakimiyyəti, digər tərəfdə isə birbaşa Moskvanın diktəsi ilə hərəkət edən revanşist qüvvələr var. Lakin sorğulardan və təbliğatın gedişatından görünən odur ki, xalq növbəti bir müharibədən və fəlakətdən qorxduğu üçün müxalifətin radikal çağırışlarını rədd edir. Vladimir Putinin Ermənistanı Ukrayna ssenarisi ilə təhdid etməsi və rusiyalı ekspertlərin qaz qiymətlərini qaldırmaq hədələri erməni seçicisini qorxutmaq əvəzinə, rəsmi Yerevanın ətrafında daha sıx birləşməyə sövq edib".

Onun sözlərinə görə, Paşinyanın bu seçkilərdə böyük üstünlüklə qalib gəlməsi və parlamentdə konstitusional çoxluq əldə etməsi regionda sülh prosesinin gələcəyi üçün mühüm zəmanət rolunu oynayacaq: "Müxalifətin bütün inzibati və xarici dəstəyə rəğmən reytinqlərdə 12 faizi keçə bilməməsi daxildəki radikal dəyişiklik istəyinin iflasıdır. Əgər 7 iyunda 'Mülki Müqavilə' rəsmən qalib gələrsə, Moskva təzyiqləri artıraraq qazın qiymətini bahalaşdıra, yaxud iqtisadi embarqolar tətbiq edə bilər. Lakin bu təhlükə artıq Paşinyanın Qərbə doğru xarici siyasət kursunu dəyişmək gücündə deyil. Erməni xalqı bu kritik həftədə Kremlin təhdidlərinə qarşı müqavimət göstərərək öz gələcək seçimini rəsmiləşdirəcək".