Ermənistan parlamenti işə başladı: Bakının əsas gözləntisi

Ermənistan parlamenti işə başladı: Bakının əsas gözləntisi

Ermənistanda yeni seçilmiş parlamentin avqustun 2-də baş tutan ilk iclası ölkənin siyasi və ictimai həyatında yeni gərginlik dalğası ilə yadda qalıb.

Ermənistanın müstəqillik tarixində ilk dəfə olaraq parlamentin açılış mərasiminə bütün ermənilərin katolikosu II Qareginin dəvət olunmaması diqqət çəkib. Xatırladaq ki, daha əvvəl Yeni ildə katolikosun dövlət televiziyasında təbrik çıxışına da icazə verilməmişdi. Katolikosun bu dəfə kənarda saxlanılmasına etiraz edən revanşist deputatlar isə onu tələb edərək andiçmə mərasimində iştirak etməkdən imtina ediblər.

Qanunvericiliyə, xüsusilə Ermənistan konstitusiyasının 18-ci maddəsinə nəzər salsaq, ölkədə kilsəyə xalqın milli kimliyi, dili və mədəniyyətinin qorunmasında "müstəsna missiya" tanınır ki, bu da praktiki olaraq kilsəyə ölkənin ictimai-siyasi həyatında söz sahibi olmaq hüququ verir. Əsrlər boyu erməni cəmiyyətində Türk düşmənçiliyinin əsas ideoloji qaynağı rolunu oynayan Erməni Apostol Kilsəsi bu statusdan həmişə məharətlə yararlanaraq gənclərin şüurunu nifrət ideologiyası ilə zəhərləyib. Lakin bu yanaşma Baş nazir Nikol Paşinyanın və hakimiyyətin yaxın dövr üçün elan etdiyi siyasi kursa, xüsusilə də Bakı və Ankara ilə münasibətlərin normallaşdırılmasına və Moskvanın asılılığından qurtulmağa istiqamətlənmiş yol xəritəsinə qəti şəkildə ziddir. Təsadüfi deyil ki, Rusiya tərəfi hələ də Paşinyanı seçkilərdəki qələbəsinə görə rəsmi olaraq təbrik etməyib və yeni parlamentin legitimliyini tanıyıb-tanımayacağı sual altındadır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Əli Əkbəroğlu qeyd edib ki, Ermənistan parlamentinin yeni tərkibdə fəaliyyətə başlaması və kilsə institutunun bu prosesdən kənarlaşdırılması cəhdi İrəvanın daxili siyasi səhnəsində radikal qüvvələrlə hakimiyyət arasındakı mübarizənin daha da kəskinləşəcəyindən xəbər verir: "Katolikosun və revanşist dairələrin rəsmi tədbirlərdən kənarlaşdırılması hər nə qədər Paşinyanın Qərb yönümlü və regionda sülh tərəfdarı kimi görünmək istəyinin, eləcə də kilsənin siyasi təsirini qırmağa çalışmasının bariz təzahürü olsa da, cəmiyyət üzərindəki köklü ideoloji təsiri bir anda sıfırlamaq qeyri-mümkündür. Rusiya yeni parlamentin legitimliyinə şübhə ilə yanaşmaqla, həmçinin İrəvana qarşı təzyiq rıçaqlarını əldə saxlamaqla çalışır ki, Ermənistanı geosiyasi orbitindən tamamilə itirməsin; lakin Azərbaycan və Türkiyənin bu prosesdə əsas gözləntisi odur ki, İrəvan sadəcə daxildəki radikal-kilsə təsirini neytrallaşdırmaqla kifayətlənməsin, həm də regionda qalıcı sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası istiqamətində geri dönüşü olmayan real, hüquqi və sənədləşdirilmiş addımlar atsın, çünki əks təqdirdə bu cür daxili manevrlər yalnız vaxt qazanmaq məqsədi daşıyan taktiki gedişlər kimi qiymətləndiriləcək".