“Prezident İlham Əliyev bir neçə gündür Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdə olub. Bu səfər sıradan bir səfər deyil. Çünki BƏƏ-nin ölkəmizlə münasibətləri heç də sadə münasibətlər deyil. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra başlasa da, hazırda Prezident İlham Əliyevlə Məhəmməd bin Zayed Əl Nəhyan arasında şəxsi münasibətlər günbəgün inkişaf edir”.
Bu sözləri NOCOMMENT.az-a politoloq Xəyal Bəşirov Prezident İlham Əliyevin BƏƏ-yə rəsmi səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, BƏƏ Yaxın Şərq regionunda aparıcı dövlətlərdəndir”
“Həm ABŞ, həm də bir sıra digər mühüm ölkələrlə BƏƏ-nin çox ciddi əlaqələri var. BƏƏ regionda söz sahibi kimi baş verən proseslərdə aktiv rol alır. Azərbaycan da eyni məzmunda siyasət yürüdür və bu mənada BƏƏ ilə maraqlarımız ortaqdır.
Hər iki dövlətin ərazisi və əhalisi böyük olmasa da, regional proseslərə təsir imkanları var. Bu da öz növbəsində diqqət çəkir”.
“Prezident İlham Əliyev indiyədək 7 dəfə BƏƏ-yə səfər edib. BƏƏ rəhbərliyinin ölkəmizə 3 səfəri baş tutub. Ən mühüm məqamlardan biri kimi deyə bilərəm ki, BƏƏ Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyib. Keçmiş Qarabağ münaqişəsi dövründə BƏƏ Prezident Sarayında və Qızıl Aypara Cəmiyyətinin ofisində Qarabağda törədilmiş cinayətlər və soyqırım aktları əks etdirilmişdi. Bu da öz növbəsində ölkəmizə qarşı göstərilən hörmətin göstəricisidir.
Bu mənada bu gün münasibətlərimiz öz dövrünün ən yüksək həddindədir.
Hesab edirəm ki, münasibətlərin inkişafı bundan sonra da uğurla davam edəcək”, – X.Bəşirov vurğulayıb.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb.Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İlham Əliyevi Əbu-Dabi Əmirliyinin İcraiyyə Şurasının üzvü, Əbu-Dabi İnvestisiya Holdinqinin prezidenti Şeyx Hamid bin Zayed Al Nəhyan və digər rəsmi şəxslər yola salıblar.
Atilla Rzasoy











