Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova Cıdır düzündə “Mərd” adlı Qarabağ atını hədiyyə etməsi maraq doğurub. Ötən ilin iyulunda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri zamanı ona da “Dostluq” adlı Qarabağ atı hədiyyə olunmuşdu.
Bu ardıcıl hədiyyələr iki ölkənin münasibətlərində hansı diplomatik və simvolik mesajları ehtiva edir?
Qarabağ atları üzrə mütəxəssis Yaşar Quluzadə deyib ki, türk xalqlarında at hədiyyə etmək qədimi ənənədir:
“Hər iki xalq oğuz türk qrupuna mənsubdur və bu adət tarix boyu imperatorlarımızın, şahlarımızın, xanlarımızın və bəylərimizin həyatında mühüm yer tutub. Qarabağ atları müxtəlif dövrlərdə dəyərli hədiyyə kimi təqdim olunub. Ancaq burada çox incə bir məqam var. At sıradan bir hədiyyə deyil. Bu, həm maddi, həm də mənəvi baxımdan son dərəcə qiymətli hədiyyə hesab olunur. Tarixən at yalnız ən yaxın dosta, tam etibar edilən şəxsə, qardaş qədər yaxın hesab olunan insana bağışlanıb. Yəni bu hədiyyə xüsusi etimadın, hörmətin və səmimi münasibətin rəmzidir”.
Y.Qurbanov əlavə edib ki, Prezident İlham Əliyevin Türkmənistana səfəri zamanı Türkmənistan lideri də ona yüksək dəyərə malik Axaltəkə atı hədiyyə etmişdi:
“Bu qarşılıqlı jest dövlət başçıları arasında dostluğun və qarşılıqlı hörmətin bariz ifadəsi idi. Azərbaycanla Türkmənistan arasında münasibətlər getdikcə daha da möhkəmlənir. Bu, təkcə diplomatik nəzakət nümunəsi deyil, həm də qardaşlıq, qarşılıqlı etimad və strateji tərəfdaşlığın simvoludur.
Belə hədiyyələr hər kəsə təqdim olunmur. Bunun üçün münasibətlər yüksək etimad səviyyəsinə çatmalıdır. Məhz buna görə də Qarabağ atının hədiyyə edilməsi Azərbaycanla Türkmənistan arasında dostluğun və qardaşlığın nə qədər güclü olduğunu göstərən çox dəyərli və sevindirici bir hadisədir”.
Y.Qurbanov daha bir maraqlı məqama toxunub:
“Mənim üçün qürurverici məqamlardan biri də odur ki, hədiyyə olunan bu Qarabağ atlarının yetişdirilməsində müəyyən töhfəm var. Çünki həmin atlar vaxtilə mənim təşəbbüsümlə seçilərək ayrılmış damazlıq xəttindən yetişdirilən balalardır. Sevinirəm ki, Qarabağ atçılığının inkişafı istiqamətində gördüyüm işlərin nəticələri artıq bu səviyyədə özünü göstərir və ölkəmizi beynəlxalq səviyyədə təmsil edən belə dəyərli hədiyyələrin formalaşmasına töhfə verir”. (Globalinfo.az)












