İrandan Azərbaycana qaçqın SELİ ola bilərmi? – ÖNƏMLİ AÇIQLAMA

İrandan Azərbaycana qaçqın SELİ ola bilərmi? – ÖNƏMLİ AÇIQLAMA

İran–ABŞ–İsrail xəttində hərbi qarşıdurmanın genişlənməsi ehtimalı region ölkələri üçün yeni təhlükəsizlik və humanitar çağırışlar yaradır. Xüsusilə İranla uzun quru sərhədinə malik olan Azərbaycan üçün mümkün miqrasiya dalğası məsələsi aktuallaşa bilər.

NOCOMMENT.az xəbər verir ki, müharibə şəraiti dərinləşərsə və hava zərbələri ölkənin iri şəhərlərinə və sənaye mərkəzlərinə yayılarsa, əhalinin bir hissəsinin təhlükəsiz bölgələrə üz tutması istisna edilmir. Bu halda qonşu dövlətlər, o cümlədən Azərbaycan potensial humanitar axın ssenarilərini nəzərdən keçirməli olur.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Qabil Hüseynli hesab edir ki, hər hansı kütləvi köç ehtimalı birbaşa müharibənin miqyasından və intensivliyindən asılı olacaq.

Qabil Hüseynli
Qabil Hüseynli

Onun sözlərinə görə, əgər qarşıdurma məhdud hava zərbələri və strateji obyektlərlə məhdudlaşarsa, kütləvi qaçqın axını gözlənilməyə bilər:

“Lakin genişmiqyaslı və uzunmüddətli hərbi əməliyyatlar, xüsusilə paytaxt və iri şəhərlərdə infrastrukturun sıradan çıxması vəziyyəti dəyişə bilər. Azərbaycan dövləti bu kimi riskləri əvvəlcədən nəzərə alaraq sərhəd təhlükəsizliyi və humanitar idarəetmə planlarını daim yeniləyir. Sərhəddə nəzarət gücləndirilə, keçid rejimi tənzimlənə və yalnız humanitar əsaslı girişlərə üstünlük verilə bilər”.

Qabil Hüseynli vurğulayıb ki, Azərbaycan üçün əsas prioritet həm milli təhlükəsizliyin qorunması, həm də mümkün humanitar vəziyyətin beynəlxalq hüquq çərçivəsində idarə olunmasıdır:

“Ölkə əvvəllər də böyük humanitar çağırışlarla üzləşib və bu baxımdan institusional təcrübəyə malikdir. Rəsmi Bakı vəziyyətə praqmatik yanaşacaq, sərhədin tam nəzarətdə saxlanılması ilə yanaşı, beynəlxalq təşkilatlarla koordinasiyalı şəkildə addımlar ata bilər. Eyni zamanda, hazırkı mərhələdə panikaya əsas yoxdur və mümkün ssenarilər daha çox preventiv planlaşdırma xarakteri daşıyır. Müharibənin gedişi və regional diplomatik proseslər isə potensial miqrasiya risklərinin real olub-olmayacağını müəyyən edəcək əsas faktor olacaq”.

Tunar 

NOCOMMENT.az