İrəvan Moskvada nazirlərin görüşündən imtina edib

İrəvan Moskvada nazirlərin görüşündən imtina edib

İrəvan Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin dekabrın 23-nə planlaşdırılan üçtərəfli görüşündə iştirakdan imtina edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Agentlik qeyd edir ki, dekabrın 22-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı Laçın yolunun bağlanması və regionda filiz yataqlarının işlənməsinə dair tərəflər arasında fikir ayrılıqları ilə əlaqədar Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında gərginləşən vəziyyəti müzakirə edib.

Lavrov Dağlıq Qarabağla Ermənistan arasında Laçın dəhlizi boyunca maneəsiz kommunikasiyanın təmin edilməsinə dair üçtərəfli sazişlərə ciddi riayət olunmasının vacibliyini vurğulayıb.

“İrəvanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dekabrın 23-də Moskvada sülh müqaviləsinin hazırlanması məsələsini müzakirə etmək üçün keçirilməsi planlaşdırılan görüşündə iştirakdan imtina etmək qərarına görə təəssüf hissi ifadə olunub”, – deyə məlumatda bildirilib.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının icrası istiqamətində ritmik işin davam etdirilməsinin vacibliyi də qeyd olunub.