Ermənistanda keçirilən seçki marafonunun finiş xəttində daxili siyasi arenada baş verən dramatik gəlişmələr, bu ölkənin rəsmi elitasının və müxalifət liderlərinin düşdüyü dərin ideoloji böhranı növbəti dəfə ifşa edir.
Seçki kampaniyasının başa çatmasına cəmi saatlar qalmış, illərdir radikal revanşizm, Azərbayfofobiya və müharibə ritorikası üzərində özünə siyasi kapital yığan Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın birdən-birə mövqeyini dəyişməsi regionun geosiyasi reallıqlarının diktəsidir. Uzun müddət Nikol Paşinyanın "üçbaşlı müharibə partiyası" adlandırdığı revanşist koalisiyanın əsas fiquru olan Köçəryan, seçki marafonunun sonunda faktiki olaraq ağ bayraq qaldıraraq ritorikasını kəskin şəkildə yumşaltmaq məcburiyyətində qalıb. İndi özünü xalqın gözündə "sülhməramlı" kimi qələmə verməyə çalışan eks-prezident bəyan edir ki, hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanla sülh müqaviləsi imzalayacaq və hətta Türkiyə ilə münasibətləri normallaşdıracaq. Lakin bu bəyanatların arxasında gizlənən riyakarlıq və siyasi manipulyasiya elementləri o qədər qabarıqdır ki, baş verənlərin heç bir reallığı əks etdirmədiyini, sadəcə hakimiyyət hərisliyindən doğan növbəti yalan və xülya olduğunu anlamaq çətin deyil.

Robert Köçəryanın və onun rəhbərlik etdiyi "Ermənistan" blokunun son anda sülh lehinə verdiyi şok açıqlamalar əslində rəqəmlərin və acı reallığın doğurduğu panikanın göstəricisidir. Son rəy sorğuları aşkar şəkildə ortaya qoyur ki, Köçəryanın seçki kampaniyasının əvvəlində irəli sürdüyü radikal bəyanatlar, "Qarabağ kartı"nı yenidən canlandırmaq cəhdləri və revanşist çağırışlar erməni cəmiyyətində tamamilə iflasa uğrayıb.
Onun rəhbərlik etdiyi blok hazırda 5 faizlik seçki baryerini belə keçmək təhlükəsi ilə üz-üzədir. Koalisiyanın digər qanadları — Samvel Karapetyanın "Güclü Ermənistan" və Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyaları da cəmiyyətdən gözlədikləri dəstəyi ala bilməyiblər. Erməni toplumu artıq yaxşı dərk edir ki, Köçəryanın hakimiyyətdə olduğu uzun illər ərzində bu ölkəyə yaşatdığı tək şey aclıq, səfalət, iqtisadi təcrid və bitmək bilməyən müharibə qorxusu olub. Ermənistanın müasir sənayesini, iqtisadiyyatını və inkişaf potensialını zamanında məhz Köçəryanın rəhbərlik etdiyi korrupsioner hərbi xunta böyük zərbələr altında qoydu, ölkəni regional layihələrdən kənarda saxlayaraq dalana çevirdi. Bu gün eyni siyasi simanın yenidən ortaya çıxaraq erməni cəmiyyətinin gözünə kül üfürməyə çalışması, seçkiyə saatlar qalmış "mən də sülh tərəfdarıyam" deməsi siyasi riyakarlığın ən pik nöqtəsidir.

Köçəryanın sülh vədinə qoyduğu şərtlər isə onun əsl niyyətini bir daha ifşa edir. O, Azərbaycan və Ermənistan arasında artıq paraflanmış, 17 bənddən ibarət olan mövcud sülh razılaşmasını bəyəndiyini, lakin sənədə "sülhü təmin edən əlavələr" daxil etmək istədiyini bildirir. Köçəryanın gizli məqsədi bu bəndlər vasitəsilə sülh müqaviləsinə "böyük dövlətlərin" zəmanətçi qismində daxil edilməsidir.
Bu isə faktiki olaraq sülh prosesini tamamilə sıfırlamaq, danışıqlar masasını dağıtmaq və regionu yenidən kənar güclərin poliqonuna çevirmək cəhdidir. Çünki beynəlxalq təcrübə və tarixin dərsləri sübut edir ki, zəmanətçi dövlətlər heç bir zaman real sülhü təmin edə bilmirlər; əksinə, onlar öz geosiyasi maraqları naminə münaqişə ocaqlarını daim alovlu saxlamağa çalışırlar. İki ölkə arasında real sülhün yeganə və ən mühüm zəmanəti tərəflərin birbaşa siyasi iradəsi, qarşılıqlı etimad mühitinin formalaşması və rəsmi Bakının bölgədə yaratdığı mütləq hərbi-siyasi üstünlükdür. Köçəryanın mövcud mətni dəyişmək, ora yeni şərtlər sırımaq cəhdi sülhə töhfə vermək yox, prosesi dalana dirəyib regionu yenidən xaosa sürükləmək planından xəbər verir.

Bu vəziyyət fonunda formalaşan ən mühüm reallıq ondan ibarətdir ki, Ermənistan cəmiyyəti və onun indiki siyasi rəhbərliyi artıq regionda sülhdən, sakitlikdən başqa çıxış yolunun olmadığını tam çılpaqlığı ilə dərk edir. Ermənistanın bir dövlət kimi mövcudluğu, bundan sonrakı iqtisadi inkişafı, daxili rifahı və əhalisinin normal dolanışığı birbaşa olaraq regional kommunikasiyaların açılmasından, Azərbaycan və Türkiyə ilə qurulacaq normal qonşuluq münasibətlərindən asılıdır.
Köçəryan tipli keçmişin qalıqları olan siyasətçilərin yalan vədlərinə, müvəqqəti manipulyasiyalarına inanmaq erməni cəmiyyətini növbəti fəlakətlərə və milli rəzalətə sürükləməkdən başqa bir işə yaramayacaq. Seçici qarşısında aciz qalan və reytinqi sıfırlanan revanşistlərin son saatda sülh rəqsinə başlaması erməni cəmiyyəti tərəfindən düzgün qiymətləndirilməli, bu saxta vədlərə aldanmamalıdırlar. Çünki keçmişi qan, korrupsiya və dalan siyasəti ilə zəngin olan bir diktatorun bu gün sülhdən danışması sadəcə hakimiyyət kürsüsünə yetmək üçün atılan çarəsiz bir addımdır. Regionun gələcəyi revanşizmin iflasında və Azərbaycanın diktə etdiyi ədalətli sülh gündəliyinin qəbul edilməsindədir.
Əli Səfərli,











