Kremlin ŞOK ÇEVRİLİŞ planı üzə çıxdı - Bu ölkədə...

Kremlin ŞOK ÇEVRİLİŞ planı üzə çıxdı - Bu ölkədə...

Kreml Ermənistanın daxili siyasi mühitini yenidən dizayn etmək və İrəvanın Qərbə doğru strateji sürüşməsinin qarşısını almaq üçün genişmiqyaslı, çoxşaxəli bir çevriliş planını işə salıb. Bu planın əsas hədəfi yaxınlaşan parlament seçkiləri ərəfəsində ölkədə idarəolunan xaos yaradaraq, mövcud hakimiyyəti devirmək və Ermənistanı yenidən Rusiyanın hərbi-siyasi orbitinə qaytarmaqdır.

Moskva artıq köhnəlmiş və effektivliyini itirmiş "Qarabağ kartı"ndan imtina edərək, daha müasir və təhlükəli müdaxilə üsullarına — hibrid müharibə metodlarına üstünlük verir. Bu "təxribat planı" dörd əsas sütun üzərində qurulub: rəqəmsal platformalarda həyata keçirilən media terroru, Ermənistanın enerji və logistik asılılığından istifadə edərək tətbiq olunan iqtisadi şantaj, "cib müxalifəti"nin və süni siyasi layihələrin gizli maliyyələşdirilməsi, nəhayət, küçə toqquşmaları vasitəsilə sabitliyin pozulması. Xüsusilə sosial şəbəkələrin Ermənistan seqmentində FSB-yə bağlı bot şəbəkələri tərəfindən yayılan dezinformasiyalar cəmiyyətdə dövlətçiliyin itirilməsi qorxusunu körükləyir.

Kreml bu yolla seçicini faktiki olaraq "təhlükəsizlik müqabilində suverenlikdən imtina" seçimi qarşısında qoymağa çalışır. Əgər bu plan uğurla icra olunarsa, Ermənistan Qərb inteqrasiyasından məhrum edilərək, sadəcə xarici güclərin maraqlarına xidmət edən zəif və asılı bir "boz zona"ya çevrilə bilər.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Şahin Fərəcov qeyd edib ki, Moskvanın İrəvandakı seçki prosesinə müdaxilə cəhdləri Ermənistanın sonuncu suverenlik qalalarını yıxmaq məqsədi daşıyır: "Kreml artıq gizlətmir ki, Paşinyan administrasiyasının Avropaya meylli siyasəti Rusiya üçün qırmızı xəttdir. Hazırda Ermənistanda tətbiq olunan ssenari klassik 'rəngli inqilabların' əks-təsir modelidir; yəni demokratik seçki prosesini dezinformasiya və iqtisadi təzyiqlərlə zəhərləyib, xalqın iradəsini manipulyasiya etmək. Xüsusilə Yuxarı Lars keçid məntəqəsində yaradılan süni maneələr və qaz qiyməti ilə bağlı hədələr sadə erməni seçicisinə göndərilən 'Qərbə getsəniz, ac qalacaqsınız' mesajıdır. Bu, birbaşa siyasi terrorun iqtisadi formasıdır".

Onun sözlərinə görə, Moskvanın daxili sabitliyi pozmaq üçün hazırladığı provokasiyalar qanlı toqquşmalara hesablanıb: "Planda əsas məqamlardan biri odur ki, etiraz aksiyaları zamanı təxribatçılar vasitəsilə polis və nümayişçilər arasında qəsdən qarşıdurma yaradılsın. Məqsəd hakimiyyəti güc tətbiqinə sürükləmək və sonra Qərb dünyasına 'baxın, sizin dəstəklədiyiniz demokrat dediyiniz şəxs diktatordur' imicini sırımaqdır. Bu, həm daxildə Paşinyanın legitimliyini sarsıdır, həm də onun Qərbdəki tərəfdaşları ilə münasibətlərinə çat salır. Ermənistan bu gün 'Siti Sokrata' nəşrinin də qeyd etdiyi kimi, böyük bir hörümçək torunun mərkəzindədir. Əgər İrəvan bu təhdidləri neytrallaşdıra bilməsə, ölkə öz gələcəyini seçmək imkanını itirərək, KTMT və digər regional strukturlar vasitəsilə tam nəzarətə götürüləcək. Bu mübarizədə Qərbin Ermənistana verəcəyi praktiki təhlükəsizlik zəmanətləri və iqtisadi alternativlər həlledici rol oynayacaq".

Tunar,
NOCOMMENT.az