Azərbaycan Respublikasının Milli Məclisində nəqliyyat sisteminin gələcək inkişafı və rəqəmsallaşdırılması istiqamətində tarixi addımlardan biri atılır. Belə ki, parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsində “Nəqliyyat haqqında” qanuna təklif edilən yeni dəyişikliklər geniş müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliklərin əsas qayəsini avtonom (pilotsuz) nəqliyyat vasitələrinin ölkə ərazisində istismara buraxılma qaydalarının hüquqi müstəvidə müəyyənləşdirilməsi təşkil edir. Bu hüquqi tənzimləmə gələcəkdə süni intellekt və pilotsuz texnologiyalarla idarə olunan avtomobillərin Azərbaycanın nəqliyyat sisteminə inteqrasiyası üçün fundamental zəmin yaradır.
Bəs hazırda ölkəmizin mövcud yol infrastrukturu, rəqəmsal imkanları və texnoloji bazası bu cür innovativ nəqliyyat vasitələrinin təhlükəsiz istismarına nə dərəcədə cavab verir?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən tanınmış nəqliyyat eksperti Eldəniz Cəfərov məsələnin pərdəarxası məqamlarına aydınlıq gətirib, pilotsuz avtomobillərin Azərbaycandakı gələcək tətbiq mərhələlərini və perspektivlərini şərh edib.

Eldəniz Cəfərov qanunvericilikdə edilən bu dəyişikliklərin uzaq gələcəyə deyil, yaxın perspektivə hesablanmış strateji addım olduğunu vurğulayıb. Ekspert bildirib ki, hüquqi bazanın formalaşdırılması reallıqda bu texnologiyanın kütləviləşməsinə birbaşa təsir göstərəcək:
“Perspektivdə düşünürəm ki, həm fərdi qaydada vətəndaşlar belə nəqliyyat vasitələrini alıb istismar edə biləcəklər, həm də, taksi xidmətində də belə nəqliyyat vasitələrinin istismarı istisna deyil”.
Bu o deməkdir ki, yaxın illərdə Azərbaycan yollarında təkcə fərdi şəxslərin idarə etdiyi avtonom maşınlar deyil, həm də sürücüsüz fəaliyyət göstərən, tamamilə proqram təminatı ilə idarə olunan taksi parkları formalaşa bilər. Bu isə nəqliyyat sektorunda inqilabi dəyişiklik, xidmət keyfiyyətinin artması və insan amilindən asılılığın minimuma enməsi deməkdir.
Ekspertin sözlərinə görə, pilotsuz avtomobillərin birdən-birə şəhərin intensiv hərəkət olan mərkəzi küçələrinə buraxılması real deyil. Bu texnologiyanın tətbiqi mərhələli və ciddi nəzarət altında həyata keçiriləcək. E. Cəfərov ilkin tətbiq sahələrini belə qruplaşdırıb:
“Belə nəqliyyat vasitələri ilk növbədə logistika, yükdaşıma və qısa məsafəli çatdırılma (kuryer) xidmətlərində sınaqdan keçiriləcək və tətbiq olunacaq.
Pilotsuz texnologiyaların ilkin sınaq və aktiv istifadə zonaları xarici aləmdən izolyasiya olunmuş, hərəkət trayektoriyası öncədən tam müəyyən edilmiş qapalı sahələr olacaq.
Böyük dəniz və quru limanlarında, nəhəng logistik anbarlarda yüklərin daşınması, çeşidlənməsi və yerbayer edilməsi prosesində pilotsuz maşınlar insan əməyini əvəzləyəcək”.
Məsələnin ən çox maraq doğuran tərəfi isə Bakı şəhərinin mövcud yol strukturunun bu yeniliyə adaptasiyasıdır. Eldəniz Cəfərov bəyan edib ki, avtonom nəqliyyatın paytaxt küçələrinə çıxması üçün mütləq şəkildə infrastruktur islahatları aparılmalıdır:
"Bir müddət sonra isə artıq yol infrastrukturunda müəyyən əlavə düzəlişlər edildikdən sonra, pilotsuz nəqliyyat vasitələri şəhərimizin küçələrində olacaq”.












