“Prezident seçkisi vəsiləsi ilə çevriliş edib, hakimiyyəti ələ alıb, iki illik keçici və koalisyon bir hökumət qurulacaqdı”.
NOCOMMENT.az bildirir ki bu fikirləri Rauf Arifoğlu Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əliyevə geniş müsahibəsində deyib.
Onun sözlərinə görə, bu, xarici ölkə paytaxtında qurulub, Azərbaycana ixrac olunan bir layihə idi:
“Daha sonra isə plana görə, Azərbaycanın keçmiş 1-ci vitse-premyeri Abbas Abbasov prezident seçdiriləcəkdi. Bununla da Azərbaycanda tam Rusiya yönümlü oyuncaq bir hakimiyyət qurulacaqdı”.
Rauf Arifoğlu vurğulayıb ki, onun vasitəsi ilə də Dağlıq Qarabağda ikinci erməni dövlətinin reallaşması nəzərdə tutulurdu:
“Əlbəttə, Milli Şura layihəsinin mahiyyətindəki bu planı hamımız kimi, Əli Kərimli və başqa liderlər də bilir və etiraf edirdilər. Elə mübahisələrimiz də bu məqamlarda doğurdu. Biz deyirdik, axı, bu açıq-aşkar vətənə xəyanət layihəsidir. Buna imkan vermək olmaz. Layihəyə “ok” deyənlərinsə arqumenti bu idi ki, biz Rusiya vasitəsi ilə İlham Əliyevi devirək, iki illik koalision hökuməti quraq, məhz bu zaman xalqla birlikdə İbrahimbəyovu və digər Rusiya adamlarını uzaqlaşdırıb, bütün təşəbbüsü özümüz ələ alarıq…”
Həmçinin R. Arifoğlu qeyd edib ki, o zamanlar sonradan “Ərəb baharı” adlanan proses də Azərbaycana çox təsir edirdi:
“Müəyyən ictimai fəallaşmalar var idi; liderlər düşünürdülər ki, 1988-92-ci illərdə Azərbaycanda və 2010-cu illərdə Ərəbistan yarımadasında olduğu kimi, məhz xalq hərəkatları vasitəsi ilə, küçə rıçaqlarını işə salaraq, hər şeyi tənzimləyə biləcəklər. “Rusiyanı Azərbaycandan biz qovmadıqmı, indi də onun adamlarını, Abbas Abbasovu qovarıq. Hələ bir İlham Əliyevi devirək…” Düşüncə, arqument və həm də təhlükə… bunlar idi”.











