Ermənistan və Rusiya arasında son dövrlər müşahidə olunan diplomatik gərginlik fonunda rəsmi İrəvandan növbəti bəyanat gəlib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskva ilə münasibətləri gərginləşdirmək niyyətində olmadıqlarını bəyan edib.
NOCOMMENT.az erməni mediasına istinadən xəbər verir ki, Mirzoyan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun tənqidlərinə cavab verərək, İrəvanın tərəfdaşlıq əlaqələrini qorumaq istədiyini vurğulayıb.
Ermənistan XİN rəhbəri mövzu ilə bağlı mövqeyini bu cür ifadə edib: "Biz Ermənistan-Rusiya münasibətlərinə gərginlik gətirməyə meylli deyilik, əksinə — tərəfdaşlığımızın normal şəkildə davam etdirilməsinin tərəfdarıyıq. Elə zamanlar və hadisələr olub ki, biz tərəfdaşlarımızdan fərqli addımlar, ən azı müqavilələrdə nəzərdə tutulmuş tədbirlərin görülməsini gözləmişik, lakin bunları görməmişik. Hər şey çox nisbidir".
Xatırladaq ki, bir gün əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistan rəhbərliyinin iş üslubuna toxunmuşdu. Şoyqu bəyan etmişdi ki, rəsmi İrəvanın hazırkı siyasi xətti və addımları Rusiya ilə müttəfiqlik münasibətlərinin ruhuna qətiyyən uyğun gəlmir.
Sara,
NOCOMMENT.az












