“Müsavatı 3 adam böyütdü, amma 2014-cü ildən sonra dağıldı” – Arifoğlu

“Müsavatı 3 adam böyütdü, amma 2014-cü ildən sonra dağıldı” – Arifoğlu

Arifoğlu İsa Qəmbərin Müsavatdakı rolunu, partiyanın yüksəliş və dağılma proseslərini, həmçinin 2014-cü ildə baş verən hadisələri açıqladı

NOCOMMENT.az bildirir ki, bu fikirləri Rauf Arifoğlu Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əliyevə geniş müsahibəsində deyib.

– Müsavatı 3 adam böyütdü, gücləndirdi. İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev. Sonuncu ismin burada rolu ondan ibarət idi ki, prezident Heydər Əliyev AXC-ni mümkün qədər sıxdı, Elçibəyi illərlə Kələkidən Bakıya qaytarmadı, siyasət meydanını tam və birmənalı olaraq, AMİP-ə və bizə – Müsavata verdi. Daha sonra AMİP-i də küncə qoydu və bir yerlərə qədər Müsavat siyasət Meydanında və şəhərin düz mərkəzindəki qərargahında çox əzəmətli görünürdü… Mənim rolum bundan ibarət idi ki, oartiya üçün effektli media quruluşu yarada bilmişdim, informasiya siyasətini və təbliğat işini düz qurmuşdum, ən yaxşı qələmlər qəzetin ətrafında idi və onlar Müsavat Partiyası üçün yazırdılar. Lakin prosesdə əsas sima İsa Qəmbər idi. O, Elçibəy iqtidarının çöküşü günlərində böyük cəsarət nümunəsi göstərdi və yüksək reytinq yığdı… Bütün ölkə və AXC elektoratı da bunu fərq etdi, İsa Qəmbərə yüksək etibar yarandı. Bunun və İsa Qəmbərin siyasi qabiliyyətinin sayəsində yeni yaranan Müsavat Partiyası ətrafında bir təmərküzləşmə başladı.

İsa Qəmbər çox böyük siyasətçidir. AXC liderləri içərisində tolerantlığı və intellekti ilə fərqlənən liderlərdən idi. Ətrafına özünəvurğun siyasi ulduzları topladı, daha sonra intellektual elitanın görkəmli nümayəndələri partiyaya gəldi, onları rəhbərlikdə yerləşdirdi, radikallarla intellektualların, millətçilərlə liberalların, ateistlərlə dindarların bir arada və bir partiyada uğurlu fəaliyyət modelini qurdu. Bunu İsa Qəmbərdən başqa hələ heç kim edə biləməyib və nə zamansa yenidən belə bir modelin ola biləcəyinə də az ehtimal verirəm. İçindəki o zamankı dürüstlüyü siyasətə gətirdi, dostlarına yalan danışmadı, mübahisələrdə, davalarda tərəf tutmadı… Ümumiyyətlə, biz İsa bəyi Müsavata dəvət edəndə və ondan da sonra (2003-cü ilə qədər) o, siyasi performansının ən pik həddində idi. Genəlləmə etsək, 2014-cü ilə qədər mən, İsa Qəmbərin başqanlığından razı olmuşam. Ancaq o, 2014-cü ildə öz gedişi ilə partiyanın darmadağın olmasına səbəb oldu. Öz yerinə də elə yanlış seçim etdi ki, nəticədə neçə illər ərzində yığdığı komandası darmadağın edildi, milli azadlıq hərəkatının əfsanə isimləri partiyadan qovuldu, onlara “satqın” damğası vuruldu, vitrin sıfırlandı… 2014-cü ildən sonra Müsavatın başına gələnləri ancaq 1920-ci ildəki məlum işğal olayı ilə müqayisə etmək olar. Özü də mən və digər dostlar bunları proqnozlaşdırmış, yazmış və demişdik… Biz İsa Qəmbərə getmə deyə yalvarırdıq. Partiya dağılacaq, ona illərimizi vermişik, deyirdik. Xüsusilə, indi başqan olan adama partiyanı vermə…