Putin Paşinyanı təbrik etdi

Putin Paşinyanı təbrik etdi

Ermənistan daxilində iyunun 7-nə təyin olunan parlament seçkiləri ərəfəsində İrəvan və Moskva arasında yaşanan siyasi gərginliyə rəğmən, Rusiya tərəfindən diqqətçəkən diplomatik addım atılıb. Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanı ad günü münasibətilə rəsmi şəkildə təbrik edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə iyunun 1-də Kremlin rəsmi saytında məlumat verilib. Rusiya dövlət başçısının təbrik məktubunda iki ölkə arasındakı tarixi bağlara və gələcək əməkdaşlıq perspektivlərinə toxunulub.

Məktubda deyilir: "Hörmətli Nikol Vovayeviç, ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Ölkələrimiz və xalqlarımız arasında münasibətlər ənənəvi olaraq dostluq münasibətləri olub. Biz onların davamlı və mütərəqqi inkişafında maraqlıyıq. Sizə cansağlığı, firavanlıq və uğurlar arzulayıram".

Siyasi ekspertlər Ermənistanın Qərbə doğru strateji dönüş etdiyi və seçkiönü gərginliyin pik həddə çatdığı bir vaxtda Moskvanın bu diplomatik jestini münasibətləri tamamilə qoparmamaq və dialoq kanallarını açıq saxlamaq cəhdi kimi qiymətləndirirlər.

Sara,
NOCOMMENT.az