Putinin sentyabr planı - ŞOK qərar verilə bilər

Putinin sentyabr planı - ŞOK qərar verilə bilər

Moskva siyasi elitası üçün yaxınlaşan 2026-cı ilin sentyabr ayı bütövlükdə mövcud hakimiyyətin gələcəyini müəyyənləşdirə biləcək ən gərgin və həlledici dövr kimi qiymətləndirilir. Ukraynaya qarşı başladılan dağıdıcı müharibənin fonunda Rusiyada Dövlət Dumasına keçiriləcək parlament seçkiləri Kreml üçün sadəcə növbəti siyasi kampaniya deyil, xalqın mövcud kursa verdiyi real qiymətin və iqtidarın stabillik miqyasının nümayişi olacaq.

İllərdir ölkədə bütün idarəetmə rıçaqlarını əlində saxlayan "Vahid Rusiya" partiyasının bu dəfə də sərt iqtisadi böhran, səfərbərlik narazılıqları və beynəlxalq sanksiyaların yaratdığı ağır ab-hava şəraitində qələbə qazanmasının çətinliyi müzakirə edilir. Eyni zamanda, tanınmış ukraynalı astroloq Vlad Rossun məhz payız aylarında müharibənin gedişatında köklü dönüş yaranacağı, Ukraynanın Rusiyaya qarşı sarsıdıcı ballistik zərbələrə keçəcəyi və Krım körpüsünün tamamilə sıradan çıxacağı ilə bağlı proqnozları mövzuya tamam fərqli geosiyasi çalar qatır. Ümumi səfərbərlik dalğasının cəmiyyətdə partlayış effekti yaradacağı və Vladimir Putinin siyasi taleyinin bu sərt sınaqlardan asılı olduğu fikri həm Qərb, həm də regional analitiklər tərəfindən diqqətlə izlənilir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor, politoloq Qabil Hüseynli qeyd edib ki, sentyabr ayında Rusiyada keçiriləcək seçkilər və hərbi-siyasi gərginliyin pik həddə çatması Kreml üçün ciddi təlatümlər və gözlənilməz sarsıntılar ilə yadda qala bilər: "Rusiya rəhbərliyi müharibənin yaratdığı ağır sosial-iqtisadi fəsadları nə qədər ört-basdır etməyə çalışsa da, əhalinin artan narazılığı və cəbhədən gələn məlumatlar daxildəki qazanı qaynadır. Dumanın seçkiləri formal xarakter daşısa da, bu dəfə cəmiyyətdəki gizli etirazların səssiz mesajı kimi qiymətləndirilə bilər. Astroloji proqnozlar hər nə qədər mistik görünsə də, reallıqda Ukraynanın hərbi texnoloji imkanlarının genişlənməsi və strateji obyektlərə, xüsusən də Krım istiqamətinə zərbə endirmək potensialı Kremlin hərbi planlarını tamamilə alt-üst edə bilər. Əgər Moskva vəziyyəti idarə etmək üçün ümumi səfərbərlik kartına əl atarsa, bu, hakimiyyətin sonunu sürətləndirən ən böyük intihar qərarı olacaq, çünki artıq rus cəmiyyəti əvvəlki kimi səssiz şəkildə qurban getməyə hazır deyil".

Onun sözlərinə görə, Putin administrasiyası üçün bu payız yalnız seçki səhnəsi deyil, həm də hərbi məğlubiyyətlərin daxili siyasətə təsirini neytrallaşdırmaq uğrunda ölüm-dirim mübarizəsi olacaq: "Rusiya iqtisadiyyatının hərbi rejimə keçməsi və resursların tükənməsi ölkə daxilindəki sosial təbəqələrdə ciddi çatlar yaradıb. Payız aylarında cəbhədə baş verə biləcək hər hansı ciddi dəyişiklik və ya Ukraynanın dərinliklərə endirəcəyi cavab zərbələri Putinin toxunulmazlıq mifini birdəfəlik dağıda bilər. Hakim partiyanın hər hansı şəkildə nəzarəti itirməsi və ya cəmiyyətin açıq qınağı ilə üzləşməsi Rusiya daxilində elita daxilindəki gizli mübarizəni səthə çıxaracaq. Odur ki, sentyabr ayı həqiqətən də Kremlin gələcək taleyini həll edəcək tarixi bir sərhəd rolunu oynayacaq".

Tunar,
NOCOMMENT.az