İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində İran İslam Şurası Məclisinin sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək. Yüksək səviyyəli bu rəsmi səfər, xüsusilə son illərdə regionda baş verən kəskin geosiyasi gərginliklər fonunda Bakı ilə Tehran arasındakı münasibətlərin gələcək perspektivləri baxımından böyük maraq doğurur və fərqli sualları gündəmə gətirir. Məlum olduğu kimi, ABŞ-İran müharibəsi və kəskin hərbi toqquşmalar dövründə rəsmi Tehran Azərbaycana qarşı təhdid dolu və təxribatçı çıxışlarını, addımlarını davam etdirib və regionda sabitliyi pozmağa çalışıb.
Hətta həmin gərgin günlərdə Naxçıvan Beynəlxalq Hava Limanının pilotsuz uçuş aparatı (dron) ilə vurulması hadisəsi iki ölkə arasında təhlükəsizlik böhranını ən pik həddə çatdırıb. Bu baxımdan, Qalibafın Bakıya gəlişinin Azərbaycan-İran əlaqələrində real bir "istiləşməyə" yol açıb-açmayacağı və ya bunun sadəcə diplomatik bir gediş olduğu hazırda siyasi analitiklər tərəfindən dərindən təhlil edilir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor Qabil Hüseynli qeyd edib ki, İran parlament sədrinin Bakı sammitində iştirakı rəsmi Tehranın Azərbaycanla tamamilə korlanmış münasibətləri bərpa etmək və regional təcriddən qurtulmaq cəhdidir: "Məhəmməd Baqer Qalibafın Azərbaycana gəlişi, şübhəsiz ki, mühüm diplomatik hadisədir, lakin biz keçmişdə yaşanan acı reallıqları unuda bilmərik. Yaxın Şərqdəki hərbi gərginliklər və xüsusilə ABŞ-la qarşıdurma fonunda İranın şimal qonşusuna qarşı yönələn təxribatçı siyasəti, Naxçıvan Hava Limanına edilən qorxulu dron hücumu yaddaşlarda çox təzədir. Tehran rəhbərliyi hər zaman regionda Azərbaycanın güclənməsindən, xüsusilə müstəqil xarici siyasət yürütməsindən ciddi narahatlıq keçirib. Lakin qlobal təzyiqlər qarşısında tab gətirməkdə çətinlik çəkən İran indi anlayır ki, Bakı ilə açıq düşmənçilik etmək onun özünün regional təhlükəsizliyinə böyük zərbə vurur. Bu səfər İslam Əməkdaşlıq Təşkilatının tədbiri çərçivəsində baş tutsa da, pərdəarxası görüşlərdə Tehranın Bakıya barışıq mesajları vermək və gərginliyi azaltmaq istəyi aydın görünür".
Onun sözlərinə görə, bu səfər rəsmi əlaqələrdə müvəqqəti bir yumşalma yaratsa da, iki ölkə arasında fundamental etimadın tam bərpası üçün kifayət deyil və Azərbaycan tərəfi hər zaman ehtiyatlı davranmalıdır: "İranın xarici siyasəti ikitirəli xarakter daşıyır; bir tərəfdən parlament sədri səviyyəsində Bakıda sülh və əməkdaşlıqdan dəm vururlar, digər tərəfdən isə daxildəki radikal qanadlar vasitəsilə regiondakı maraqlarımıza, xüsusən Zəngəzur dəhlizi layihəsinə qarşı qısqanc mövqelərini qoruyub saxlayırlar. Azərbaycan öz milli maraqlarını və sərhəd təhlükəsizliyini hər şeydən üstün tutur. Naxçıvandakı məlum hadisə bizə göstərdi ki, cənub qonşumuzdan gələn hər bir addıma qarşı hərbi və strateji cəhətdən hər an hazır olmalıyıq. Qalibafın səfəri çərçivəsində bəzi iqtisadi və regional layihələr, nəqliyyat dəhlizləri müzakirə oluna bilər və bu, münasibətlərdə qismən istiləşmə təəssüratı yarada bilər. Lakin real və uzunmüddətli strateji tərəfdaşlıqdan danışmaq üçün İran rəsmi şəkildə Azərbaycanın suverenliyinə, daxili işlərinə və regional layihələrinə mane olmaq siyasətindən tamamilə əl çəkdiyini əməli addımlarla sübut etməlidir".
Tunar,












