Sensasiya: Ermənistanda Rusiyanın tam məğlubiyyəti bu tarixdə mümkünləşəcək

Sensasiya: Ermənistanda Rusiyanın tam məğlubiyyəti bu tarixdə mümkünləşəcək

Ermənistanda keçirilən son rəy sorğularının nəticələri daxili siyasi arenada və regional geosiyasi müstəvidə ciddi rezonansa səbəb olub. Sorğulara əsasən, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə radikal müxalifət üzərində kəskin və sarsıdıcı bir üstünlüyə malikdir. Səsvermə ərəfəsində Paşinyanın xalq arasındakı dəstəyinin təxminən 65% həddinə yüksəlməsi fonunda, onun əsas rəqibləri hesab olunan Samvel Karapetyan, Robert Koçaryan və Qaqik Sarukyanın rəhbərlik etdiyi siyasi blokların reytinqi hətta parlament baryerini keçmək üçün belə kifayət etmir. Erməni seçicisinin bu kəskin və qətiyyətli mövqeyi, uzun illərdir İrəvanı öz təsir dairəsində saxlayan rəsmi Moskvanın Ermənistandakı siyasi rıçaqlarının iflasa uğradığını və regionda Rusiyanın tam məğlubiyyəti ssenarisinin məhz bu seçki tarixində reallaşa biləcəyini göstərir.

Məsələni NOCOMMENT.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Nikol Paşinyanın reytinqinin birdən-birə bu dərəcədə yüksəlməsi əsasən onun Azərbaycanla sülh prosesini cəsarətlə davam etdirməsi, müxalifətin isə artıq qapanmış Qarabağ məsələsini yenidən gündəmdə saxlamağa çalışaraq xalqa yeni bir müharibə vəd etməsi ilə birbaşa bağlıdır: "Bundan əlavə, Rusiya prezidenti Vladimir Putinin Ermənistana yönəlik açıq təhdidləri və erməni mallarına tətbiq edilən ticarət məhdudiyyətləri Kremlin gözlədiyi nəticəni vermədi. Əksinə, bu sərt addımlar erməni cəmiyyətində antirusiya əhval-ruhiyyəsini pik həddə çatdıraraq Nikol Paşinyanın daxili mövqeyini daha da gücləndirdi. Halbuki, Moskva Ermənistan məhsullarına qarşı iqtisadi embarqolar tətbiq etməklə əhalinin sosial narazılığını artıracağını və bunun Paşinyana qarşı kütləvi etirazlara səbəb olacağını hesablayırdı. Rusiyanın 'yumşaq güc' və iqtisadi şantaj siyasəti tamamilə nəticəsiz qaldı və proseslər Kremlin əleyhinə inkişaf etdi".

Ekspert vurğulayıb ki, Ermənistanda parlament seçkiləri qarşıdakı bazar günü, yəni 7 iyunda keçiriləcək və bu tarix Rusiya üçün Ermənistanda rəsmi itki mərhələsinin başlanğıcı ola bilər: "Paşinyanın 'Mülki Müqavilə' Partiyasının parlamentdə təkbaşına konstitusion çoxluq əldə etməsi tamamilə mümkündür. Əgər Rusiya daxili işlərə bu dərəcədə kobud təzyiqləri artırmasaydı, həmçinin Karapetyan və Koçaryan cütlüyü reallıqdan uzaq olan Qarabağ mövzusunu yenidən əsas siyasi gündəmə çevirməyə çalışmasaydılar, onlar Paşinyan üçün daxildə daha ciddi siyasi problemlər yarada bilərdilər. Lakin baş verən proseslər Paşinyanın siyasi maraqlarına tam uyğun gəldi. Seçkilərdən sonra Rusiya-Ermənistan münasibətlərində görünməmiş bir siyasi böhranın davam edəcəyi qaçılmazdır. Eyni zamanda, seçki günü Rusiyaya yaxın olan radikal siyasi qrupların və revanşistlərin məğlubiyyəti həzm edə bilməyərək müəyyən təxribatlara, daxili iğtişaş cəhdlərinə əl atması ehtimalı da istisna edilməməlidir".