ABŞ prezidenti Donald Trampın iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində iştirakı Alyansın gələcəyi üçün həlledici məqam kimi qiymətləndirilir. Britaniya mətbuatının yazdığına görə, Tramp bu qərarı yalnız Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərinə görə verib.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın sözlərinə görə, məhz Ankaranın vasitəçiliyi və Ərdoğanın rolu Trampın sammitdə iştirakını mümkün edib. Fidan qeyd edib ki, Avropa və ABŞ-nin Alyansın gələcəyinə dair baxışlarının toqquşduğu bir vaxtda, Trampın iştirakı olmadan problemlərin həlli qeyri-mümkündür.
NOCOMMENT.az xəbər verir ki, ABŞ ilə Avropa müttəfiqləri arasında gərginlik artmaqdadır.
Pentaqonun rəhbəri Pit Heqsetin açıqlamasına görə, Vaşinqton Avropa ölkələrindən müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmağı tələb edir. Əks təqdirdə, ABŞ Avropadakı hərbi varlığını və NATO büdcəsinə töhfəsini yenidən nəzərdən keçirəcək. Trampın Hörmüz boğazındakı böhran zamanı Avropanın dəstək verməməsinə görə onları qorxaq, Alyansı isə kağızdan pələng adlandırması gərginliyi pik həddə çatdırıb. Avropalı siyasətçilər isə Vaşinqtonun hərbi varlığını azaltmaq və ya Alyansın özünü şübhə altına almaq cəhdinin qitədə təhlükəsizlik böhranı yaratdığını düşünürlər.
Ankara-Vaşinqton xətti isə daha pozitiv bir məcrada irəliləyir. Türkiyə artıq NATO-nun 2%-lik hədəfini aşaraq 2,3%-ə çatıb və 2035-ci ilədək bu rəqəmi 5%-ə çatdırmağı planlaşdırır. Ərdoğanla Tramp arasındakı isti əlaqələr ABŞ-nin digər Avropa liderləri ilə münasibətlərindən kəskin fərqlənir. Hətta S-400 böhranı və digər diplomatik maneələr belə bu şəxsi dialoqun qarşısını kəsə bilməyib. Keçmiş türk diplomatı bildirib ki, Tramp Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa çalışsa da, Obamanın dövründən qalan problemlər buna mane olurdu, lakin hazırda Suriya bölgəsi hər iki ölkənin maraqlarının kəsişdiyi məkana çevrilib. Afrika və Ukrayna məsələlərində də koordinasiyalı fəaliyyət müşahidə olunur. Analitiklər hesab edir ki, Ankaradakı sammit Alyans üçün bir dönüş nöqtəsi olacaq və Ərdoğan-Tramp faktoru ABŞ-Türkiyə münasibətlərini pozitiv əməkdaşlıq fazasında saxlamağa davam edir. F-35 proqramına qayıdış və S-400 sistemlərinin taleyi kimi hələ də həllini gözləyən texniki problemlər qalmaqdadır.
Əli Səfərli,











