Tramp: İranla razılaşma 2–3 gün ərzində imzalana bilər

Tramp: İranla razılaşma 2–3 gün ərzində imzalana bilər

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların davam etdiyini və mümkün razılaşmanın yaxın günlərdə imzalana biləcəyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Nyu-Yorkda NBA finalından qayıdan təyyarəyə minməzdən əvvəl jurnalistlərə açıqlama verən Tramp İranla müzakirələrin intensiv şəkildə davam etdiyini qeyd edib. O, yaxın bir-iki gün ərzində prosesin gedişi ilə bağlı daha aydın mənzərə formalaşacağını deyib.

Tramp həmçinin sanksiya və təzyiq siyasətinin “100 faiz effektiv” olduğunu iddia edib və İsrailin Baş naziri Benyamin Netanyahu ilə “çox yaxşı görüş” keçirdiyini vurğulayıb.

Onun sözlərinə görə, İran və İsrail onun vasitəçiliyi ilə hücumların dayandırılması barədə ilkin razılığa gəlib və “nüvə silahına icazə verməyəcək güclü bir razılaşmanın son mərhələsinə” yaxınlaşılıb.

ABŞ Prezidenti razılaşmanın imzalanacağı təqdirdə Hörmüz boğazının açılacağını da bildirib və sənədin 2–3 gün ərzində rəsmiləşə biləcəyini əlavə edib.


Eyni zamanda İsrail mediası Baş nazir Netanyahunun Trampın xahişi ilə İrana qarşı hücumları dayandırmağa razılaşdığını, lakin Livana qarşı əməliyyatların davam etdiyi barədə məlumat yayıb.

Bununla belə, 7 iyunda İsrail ordusunun Livanın paytaxtı Beyrutun Dahiye rayonuna hava zərbəsi endirdiyi bildirilir. İran tərəfi isə bu hücuma cavab veriləcəyini açıqlayıb.

Son gecə ərzində İrandan atılan raketlər İsrailin şimalında bir neçə şəhərdə hava həyəcan siqnallarının işə düşməsinə səbəb olub. İsrail ordusu isə qərb və mərkəzi İran ərazilərinin hədəf alındığını açıqlayıb, Tehran isə buna raketlərlə cavab verib.

Məlumatlara görə, İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Qərargahı İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını elan edib./Sfera.az/