Türkiyə ÇALXALANIR - Ərdoğana qarşı yeni partiya

Türkiyə ÇALXALANIR - Ərdoğana qarşı yeni partiya

Türkiyənin daxili siyasi arenası qardaş ölkənin gələcək seçki xəritəsini və siyasi balansını kökündən dəyişdirə biləcək olduqca diqqətçəkən, sensasiyalı bir gəlişmə ilə çalxalanmaqdadır.

Respublika Xalq Partiyasının (CHP) keçmiş sədri Özgür Özəlin mətbuata sızan son bəyanatları, müxalifət düşərgəsində hakim Ədalət və İnkişaf Partiyasına (AKP) və Prezident Rəcəb Tayyib Ərdoğana qarşı tamamilə fərqli və ehtiyat bir siyasi güc mərkəzinin qurulmaqda olduğunu ifşa edib. Özəl hüquqi müstəvidə və ya inzibati idarəçilikdə qarşılaşa biləcəkləri hər hansı qadağalara və süni maneələrə qarşı bəri başdan "fəlakət ssenarisi" hazırladıqlarını və bu məqsədlə tamamilə yeni bir partiyanın təsis edilməsi üçün gizli hazırlıqlara start verildiyini rəsmən təsdiqləyib.

Keçmiş partiya rəhbərinin sözlərinə görə, əsas məqsəd CHP-nin hər hansı məhkəmə qərarı ilə seçkilərdə iştirak hüququnu itirməsi, fəaliyyətinə məhdudiyyət qoyulması və ya qəfil erkən seçki elan edilməsi kimi böhran anlarında müxalif seçicini alternativsiz buraxmamaqdır. Öz qrupları ilə birlikdə CHP-ni tamamilə tərk etmək niyyətində olmadıqlarını, lakin hüquqi qarant rolunu oynayacaq B planının hazır vəziyyətə gətirildiyini deyən Özəl, cari ilin noyabr ayında keçirilə biləcək mümkün erkən seçki ssenarisini də tam dəstəklədiklərini bəyan edərək, "Noyabrda seçki olsa, namizədimizi dərhal müəyyənləşdirib prezidenti dəyişərik" şəklində iddialı bir mesaj verib. Bu gedişat Türkiyədə həm CHP-nin mövcud daxili idarəçiliyinə, həm də iqtidarın müxalifəti zərərsizləşdirmə taktikalarına qarşı atılmış çox gedişli bir şahmat gedişi kimi qiymətləndirilir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Samir Əsədli qeyd edib ki, Özgür Özəlin rəhbərliyi altında yeni bir partiyanın qeydiyyat və quruluş hazırlıqlarının aparılması, əslində Türkiyə müxalifətinin keçmiş seçki məğlubiyyətlərindən dərs çıxararaq daha peşəkar və qabaqlayıcı bir hüquqi müdafiə taktikası seçdiyini göstərir: "Türkiyə siyasətində partiyaların bağlanması, rəhbər şəxslərə siyasi qadağaların qoyulması və ya qəfil qərarlarla seçki hüququndan məhrum edilmə halları tarixi boyu çox yaşanıb. Özgür Özəlin 'fəlakət ssenarisi' adlandırdığı strateji addım, hakimiyyətin seçki ərəfəsində CHP-yə qarşı ata biləcəyi hər hansı qanuni maneə gedişini sıfırlamağa hesablanıb. Bu yeni ehtiyat partiya layihəsi Ərdoğan administrasiyasının əlini zəiflədir; çünki ana müxalifət partiyasına qarşı tətbiq olunacaq hər hansı hüquqi basqı anında, bütün təşkilati struktur, namizədlər və seçici kütləsi bir gecədə bu hazır, yeni platformaya köçürülə biləcək. Dolayısı ilə bu addım Türkiyə müxalifətinin seçki təhlükəsizliyini təmin etmək üçün qurduğu unikal bir sığorta mexanizmidir".

Onun sözlərinə görə, daxildə Kamal Kılıçdaroğlu xətti ilə Özgür Özəl komandasının paralel hərəkət etməsi, CHP-nin daxili parçalanmasından ziyada, fərqli seçici qruplarını eyni vaxtda konsolidə etməyə xidmət edir: "Kılıçdaroğunun partiya daxilində və müəyyən mühafizəkar-sol cinahda hələ də ciddi çəkisi mövcuddur. Özəl və tərəfdarları isə daha dinamik, gənc və çevik bir müxalifət dalğasını idarə edirlər. Noyabr ayında reallaşa biləcək erkən seçki ehtimalı çərçivəsində müxalifətin bu şəkildə çoxşaxəli fəaliyyət göstərməsi iqtidarın vahid hədəf seçib hücum etmək taktikasını da darmadağın edir. Əgər müxalifət bu ehtiyat planı uğurla idarə edə bilsə və ortaq namizəd məsələsində vahid mövqedən çıxış edərsə, payızda Türkiyədə çox ciddi və gərgin bir hakimiyyət mübarizəsinin şahidi olacağıq".

Tunar,
NOCOMMENT.az