ABŞ və İran nümayəndə heyətləri arasında Cenevrədə keçirilən və sonradan “uğursuz” kimi qiymətləndirilən danışıqların detalları açıqlanıb. Görüş ABŞ və İsrailin İrana hərbi zərbələrindən əvvəl baş tutub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə NBC News mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Amerika tərəfi danışıqlarda İranın növbəti 10 il ərzində uranı zənginləşdirə bilməyəcəyini bəyan edib.
Məlumata görə, İranın xarici işlər naziri Abbas Araqçi ölkəsinin uranı zənginləşdirmək üçün “ayrılmaz hüquqa” malik olduğunu vurğulayıb. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff isə cavabında bildirib ki, belə olan halda ABŞ-ın da İranı dayandırmaq üçün “ayrılmaz hüququ” var.
Mənbələrin sözlərinə görə, ABŞ tələblərini eşidən Araqçi emosional reaksiya verərək Uitkoffa qışqırmağa başlayıb və “İstəsəniz, mən gedə bilərəm” deyib.
Bildirilir ki, Amerika nümayəndə heyəti baş verənlərlə bağlı ABŞ prezidentinə məlumat verib. Mənbələrin iddiasına görə, prezident vəziyyətdən “çaşqın” qalıb.
Rəsmi Vaşinqton və Tehran hələlik bu məlumatlara münasibət bildirməyib.
Sara













