Uşaqların küçədə oyun oynamaq əvəzinə telefon, planşet və digər ekran qarşısında daha çox vaxt keçirməsi cəmiyyətdə ciddi müzakirə olunan məsələlərdən birinə çevrilib. Urbanizasiya, təhlükəsizlik narahatlıqları, valideynlərin iş rejimi və rəqəmsal texnologiyaların əlçatanlığı bu tendensiyanı daha da gücləndirir.
NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı danışan psixoloq Gülnar Orucova deyib ki, bu gün bir çox valideyn düşünür ki, uşağı küçəyə çıxmırsa, deməli, ən nümunəvi, ən ağıllı və ən tərbiyəli uşaq olacaq:
“Çünki artıq küçədə deyil, evdədir. Amma valideyn anlamalıdır ki, uşağın əlinə telefon verildiyi andan etibarən telefon da küçə qədər təhlükəli mühitə çevrilə bilər. Çünki həmin telefon vasitəsilə uşaq müxtəlif risklərlə qarşılaşır. Biz uşağın əlinə telefon verəndə bilməliyik ki, onu müəyyən təhlükələrin içinə daxil etmiş oluruq. Əvvəllər 13-14 yaşlı qızların evli kişilərlə qoşulub qaçması halları bu qədər geniş yayılmırdı. Bu gün isə belə hadisələri daha çox görür və eşidirik. Bunun əsas səbəblərindən biri də telefondur. Çünki telefon uşaqlara müxtəlif davranış modellərini, uyğun olmayan münasibətləri və təsirləri çox rahat şəkildə göstərir. Valideynlərdən soruşanda ki, niyə bu yaşda uşağa telefon verirsiniz, halbuki o, uyğun olmayan proqramlar yükləyir, aqressiv oyunlar oynayır və bu oyunlar uşağın davranışına mənfi təsir edir, valideynlər adətən belə cavab verirlər: “Uşağımı qorumaq üçün ona telefon vermişəm”. Onların fikrincə, uşaq dərsdən çıxanda zəng edib harada olduğunu öyrənmək və ya lazım olanda əlaqə saxlamaq təhlükəsizlik baxımından vacibdir”.
O diqqətə çatdırıb ki, xüsusilə səkkiz yaşdan aşağı uşaqlara telefon verərkən valideynlər bunun nəticələrini də bilməlidirlər:
“İlk növbədə uşağın qidalanma vərdişləri pozulur. Telefona baxaraq yemək yeyən uşaqlarda doyma siqnalı düzgün formalaşmır və gələcəkdə piylənmə riski artır. Bundan əlavə, uşaqlarda aqressiya, yuxu problemləri, əsəbilik və gərginlik yaranır. Analiz və qavrama qabiliyyəti zəifləyir, təhlil etmə bacarığı digər uşaqlarla müqayisədə geri qalır. Bununla yanaşı, uzun müddət telefondan istifadə göz problemlərinə səbəb olur. Eyni vəziyyətdə oturmaq isə dayaq-hərəkət aparatında problemlər yaradır. Nəticədə skolioz, kifoz kimi onurğa xəstəlikləri meydana çıxa bilir”.\\demokrat.az











