Avadanlıq nasazlığı, insan faktoru? – Zavoddakı partlayışın səbəbi…

Avadanlıq nasazlığı, insan faktoru? – Zavoddakı partlayışın səbəbi…

Müdafiə-sənaye müəssisələrində baş verən partlayışlar son illər təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Bu tip zavodlarda həm yüksək riskli maddələrlə işlənmə, həm də istehsalatın mürəkkəb texnoloji proseslərə əsaslanması səbəbindən ən kiçik səhlənkarlıq belə ciddi fəsadlarla nəticələnir.

Müdafiə-sənaye tipli zavodlarda partlayışların başlıca texniki səbəbləri nə ola bilər?

Bu barədə NOCOMMENT.az-a təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev məlumat verib.

O, bildirib ki, texniki baxımdan ən çox rast gəlinən risklərə avadanlıqların vaxtında texniki baxışdan keçirilməməsi, təzyiq və temperatur göstəricilərinin normadan kənara çıxması, reaktiv və yanıcı maddələrin sızması daxildir.

Ekspertin sözlərinə görə, insan faktoru da mühüm rol oynayır:

“İşçilər mütləq şəkildə düzgün və vaxtında təlimatlandırılmalıdır. İşin xüsusiyyətinə uyğun olaraq onların sağlamlıq vəziyyəti bu sahədə çalışmağa imkan verməlidir. İşə qəbul zamanı giriş təlimatları keçirilməli, daha sonra dövri təkrar təlimatlar təşkil olunmalı və işçilərin bilikləri yoxlanılmalıdır.”

Orxan Musayev əlavə edib ki, müəssisələr işçiləri pulsuz fərdi mühafizə vasitələri ilə təmin etməli və onların real istifadə olunmasına ciddi nəzarət etməlidir:
“Bəzi hallarda işçilər bu vasitələri geyinməyə bilər. Ona görə də müəssisə daxilində mütəmadi nəzarət sistemi qurulmalıdır. Təhlükə potensialı yüksək olan bu tip obyektlərdə risklərin minimuma endirilməsi üçün həm psixoloji və praktiki hazırlıq üzrə təlimlər aparılmalı, həm də bütün avadanlıqlar mütəmadi texniki baxışdan keçirilməlidir. İşçilər davranış qaydalarını bilməli və onlara ciddi əməl etməlidirlər”.

Musayev vurğulayıb ki, baş verən hadisələrin əksəriyyəti məhz texniki və insan amili ilə birbaşa əlaqəli olur.
Aynurə İsmayıl