03.02.2026 11:58
Azərbaycanda vəzifəli şəxslərə əlavə təhsil almaları və siyasi hazırlıq keçmələri üçün verilən imtiyaz ləğv edilib.
NOCOMMENT.az xəbər verir ki, dövlət qurumlarının əməkdaşlarının (nazirlik, Dövlət Komitəsi, Dövlət Agentliyi, rayon və şəhər icra hakimiyyətləri) ikinci ali təhsil üçün Prezident yanında Dövlət İdarəçilik Akademiyasına qəbulu dayandırılıb.
Artıq göndərişlərlə tələbə olmaq və təhsil almaq mümkün deyil.
DİA-dan saytın sorğusuna cavab olaraq məlumatı təsdiqləyiblər. Amma bunun səbəbini açıqlamayıblar.
“Biz icraedici idik, səbəbi barədə məlumatımız yoxdur. Səbəbini Elm və Təhsil Nazirliyi açıqlaya bilər”, – ali məktəbdən bildrilib.
Qeyd edək ki, Azərbaycanda dövlət orqanlarında işləyənlərin ikinci təhsil alması üçün xüsusi imtiyazlar uzun illər mövcud olub. Bu praktikanın əsası sovet zamanında qoyulub. Həmin dövrdə vəzifəli şəxsləri ikinci ali təhsil üçün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında fəaliyyət göstərən Bakı Ali Partiya Məktəbinə göndərirdilər. Həmin məktəb 1921-ci ilin dekabrında təşkil edilib və 1928-ci ilədək Mərkəzi Sovet Partiya Məktəbi adlanıb. Ali məktəb Azərbaycanda yüksək ixtisaslı ilk siyasi təhsil müəssisəsi sayılır.
Müstəqillik illərində də bu proses davam edib. Nazirlik, icra hakimiyyətləri və digər dövlət qurumlarında işləyənlər əvvəlcədən ayrılan kvota əsasənda göndərişlə Prezident yanında Dövlət İdarəçilik Akademiyasına (DİA) qəbul edilirdilər. Bu proses ölkədə tələbə qəbuluna cavabdeh olan Dövlət İmtahan Mərkəzinin nəzarətindən kənar həyata keçirilirdi./Yeni Sabah/
***
Təhsil Nazirliyindən NOCOMMENT.az-a sorğusuna verilən cavabda bildirilib ki, qaldırılan məsələ “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidentinin 11 dekabr 2014-cü il tarixli 387 nömrəli “Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası” ilə tənzimlənir.












