Uzun müddətdir ki, Ermənistanın daxili siyasi həyatı təkcə İrəvanın deyil, həm də regionun əsas paytaxtlarının diqqət mərkəzindədir. Çünki bu ölkədə hakimiyyət uğrunda mübarizə bir çox hallarda Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyinə, sülh danışıqlarının taleyinə və bölgədəki güc balansına birbaşa təsir göstərir. Bu baxımdan Paşinyanın növbəti dəfə seçicilərin etimadını qazanması müxtəlif siyasi dairələrdə fərqli qiymətləndirilir.
Bir tərəfdən, seçkilərin nəticələri Ermənistan cəmiyyətində revanşist çağırışların əvvəlki qədər geniş dəstək qazanmadığını göstərir. Digər tərəfdən isə sülh sazişinin imzalanması yolunda hələ də həllini gözləyən siyasi və hüquqi məsələlər mövcuddur. Məhz buna görə də Paşinyanın qələbəsi regionda sülhün avtomatik təmin olunması kimi deyil, yeni imkanlar və eyni zamanda yeni suallar yaradan siyasi hadisə kimi dəyərləndirilir.
NOCOMMENT.az xəbər verir ki, bəs Ermənistan seçicisi bu dəfə hansı mesajı verdi? Paşinyanın qələbəsi Azərbaycan-Ermənistan sülh prosesini nə qədər yaxınlaşdırır? Regionda geosiyasi maraqları toqquşan böyük güclərin bu nəticələrə münasibəti necədir?
Milli Məclisin deputatları və ekspertlər Oxu24.com-a seçkilərin nəticələrini fərqli rakurslardan şərh edərək bu suallara cavab verməyə çalışırlar.
Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Orucun Oxu24.com-a açıqlamasına görə Ermənistanda parlament seçkiləri ətrafında müəyyən regional, postsovet məkanı və ayrı-ayrı dövlətlərin təsirləri fonunda beynəlxalq rəylər formalaşdırılırdı. Lakin mahiyyət etibarilə bu, bir ölkənin daxilində baş verən siyasi hadisə idi və süni şəkildə gərginliyin yaradılmasının özünəməxsus səbəbləri vardı. Aydın görünürdü ki, Ermənistanı maksimum dərəcədə Cənubi Qafqazın taleyini müəyyənləşdirən mərkəz, ötürücü qovşaq kimi təqdim etmək niyyətləri mövcuddur və burada həm daxili, həm də xarici qüvvələrin maraqları üst-üstə düşürdü.
Deputat qeyd edib ki, digər tərəfdən, Rusiyanın müəyyən dairələri seçkilərdə ənənəvi siyasi resursları olan Serj Sarkisyan və Robert Koçaryan tandemini deyil, birbaşa Moskva elitasını və Kremlin çevrələrini təmsil edən Samvel Karapetyanı önə çıxarmaqla, həmçinin bu kampaniyaya böyük maliyyə vəsaitləri yönəltməklə belə bir mesaj verməyə çalışırdılar ki, “biz Qafqazdan çəkilməmişik və region üzərində təsirlərimizi qoruyub saxlamaqda qərarlıyıq”. Bununla yanaşı, Ermənistanın Rusiyanın nüfuz dairəsindən tam çıxmayacağına dair mövqe nümayiş etdirilirdi.Təbii ki, bu proseslərdə Azərbaycanla bağlı məsələlər də tez-tez gündəmə gətirilirdi. 1990-cı illərdə “Miatsum”, “Böyük Ermənistan”, “Tarixi Ermənistan” kimi ideyalar ətrafında Razdan meydanında insanları səfərbər edən qüvvələr, xüsusilə də Rusiyaya yaxın siyasi dairələr, indiki reallıqda artıq əhalinin geniş dəstəyini qazana bilmədikləri üçün Rusiyada yaşayan erməni miqrantların potensialından yararlanmağa çalışırdılar.

Zahid Oruc əlavə edib ki, maraqlıdır ki, 300 min Qərbi azərbaycanlının geri qayıdışı məsələsi bu seçkilərdə müəyyən dairələr üçün adeta bir siyasi kabusa çevrilmişdi. Televiziya debatlarının kontent analizini aparan mütəxəssislər və Vətəndaş Müqaviləsi Partiyasının təmsilçiləri qeyd edirdilər ki, iki saatlıq bir debat zamanı Azərbaycan, Prezident İlham Əliyev və Qərbi azərbaycanlıların qayıdışı mövzuları 100 dəfədən çox səsləndirilirdi. Bu fakt Azərbaycan amilinin Ermənistanın daxili siyasi gündəliyinə nə dərəcədə təsir etdiyini açıq şəkildə göstərirdi.Əslində, 1990-cı illərdə Azərbaycanda da oxşar mənzərə mövcud idi. Erməni amili, işğal faktı, Qarabağ problemi və müharibə mövzusu ölkənin siyasi gündəmini müəyyənləşdirirdi. Lakin Azərbaycanın qələbədən sonra yeni inkişaf mərhələsinə keçməsi, dövlət strategiyasını daha geniş hədəflər üzərində qurması və Qarabağ problemini gündəlik siyasi yükdən çıxarması ölkəmizin mühüm tarixi nailiyyətlərindən biridir.Seçkilər fonunda Rusiyanın kənd təsərrüfatı məhsulları və iqtisadi rıçaqlar vasitəsilə Ermənistana təsir göstərmək cəhdləri də müşahidə olunurdu. Bunun müqabilində Qərb dairələri Rusiyanın hibrid müharibə və informasiya təsirlərinə qarşı Ermənistanın müdafiə imkanlarını gücləndirməyə çalışır, milyonlarla avro dəyərində maliyyə dəstəyi ayırırdı. ABŞ-ın müxtəlif beyin mərkəzləri, siyasi institutları və seçki texnologiyaları üzrə qurumları da Paşinyan hakimiyyətinə məsləhət və texniki dəstək göstərirdilər. Bütün bunların fonunda seçki prosesi müəyyən qədər siyasiləşmiş və kəskin rəqabət müstəvisinə keçmişdi.
Zahid Oruc bildirib ki, hüquq-mühafizə orqanları bu prosesdə əsas arbitr rolunu oynayırdı.
Müxtəlif siyasi qüvvələrin seçiciləri maddi yollarla təsir altına almağa çalışması ilə bağlı bir sıra cinayət işləri qaldırılmışdı. Nəticədə isə seçkilər Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin təxminən 50 faiz səs toplaması ilə yekunlaşdı. Rəqibləri isə xeyli geridə qaldılar və bəzi siyasi birliklər seçki baryerini belə keçə bilmədilər.Bu nəticələrə ümumi qiymət verərkən demək olar ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə Ermənistanın daxili siyasi proseslərində də öz təsirini göstərdi. Ermənistan cəmiyyətinin mühüm hissəsi artıq reallıqları qəbul etməyə başlayıb. Maraqlıdır ki, 2021-ci ildə müharibədən dərhal sonra seçkilərdə qələbə qazanan Paşinyan bu dəfə də hakimiyyətini qorumağı bacardı. Müharibədə məğlub olmuş ölkənin liderinin seçkilərdə yenidən uğur qazanması dünya siyasi təcrübəsində çox rast gəlinən hadisə deyil.2026-cı ilin reallığında isə sülh gündəliyi, regional kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq imkanları və yeni nəqliyyat marşrutları daha çox diqqət çəkir. Azərbaycan məhsullarının, o cümlədən enerji daşıyıcılarının region bazarlarında rolunun artması da Ermənistan cəmiyyətində müəyyən realist yanaşmaların formalaşmasına təsir göstərir.
Deputat əlavə edib ki, təsadüfi deyil ki, Paşinyan öz rəqiblərini “üçbaşlı müharibə partiyası” adlandırırdı. Onun fikrincə, Robert Koçaryan, Samvel Karapetyan və digər müxalif qüvvələr revanshist və müharibə yönümlü siyasəti təmsil edirlər. Bununla belə, həmin qüvvələrin müəyyən səs toplamasına baxmayaraq, onların da mövqelərində yumşalma müşahidə olunur. Artıq onlar da sülh müqaviləsinin bağlanmasını qəbul edir, sadəcə müxtəlif beynəlxalq təminat mexanizmlərinin olmasını təklif edirlər.Reallıq ondan ibarətdir ki, Ermənistanın yeni müharibə aparmaq imkanları məhduddur. Azərbaycan son 20 ildə iqtisadiyyatını gücləndirib, ordusunu modernləşdirib, beynəlxalq əlaqələrini genişləndirib və müharibənin nəticələrini dəyişdirmək üçün sistemli siyasət yürüdüb. Ermənistan isə eyni resurslara malik deyil. Buna görə də regionda sülh gündəliyi alternativsiz görünür.
Zahid Oruc sonda bildirib ki, bu baxımdan 7 iyun seçkilərinin nəticələrini belə oxumaq olar: Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin yaratdığı yeni geosiyasi reallıq Ermənistan cəmiyyətinin mühüm hissəsi tərəfindən qəbul edilir. Sülh prosesinin davam etməsi üçün imkanlar genişlənir və regionun gələcəyi artıq əvvəlki dövrlərin revanşist şüarları ilə deyil, yeni siyasi və iqtisadi reallıqlarla müəyyən olunur. Azərbaycanın 8 Noyabr – Şuşa Zəfərinin yaratdığı nəticələrlə hesablaşmaq isə Ermənistanın bütün siyasi qüvvələri üçün qaçılmaz gerçəklik olaraq qalır.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib ki, Nikol Paşinyanın təmsil etdiyi Vətəndaş müqaviləsi partiyası 61 yer alaraq parlamentdə təmsil olunacaq hakim partiya ünvanını qazandı.

Erməni xalqı sülhə, sabitliyə və əməkdaşlığa səs verdi, bu isə Cənubi Qafqazın gələcək taleyi üçün həlledici dönüş nöqtəsi oldu. Növbəti etapda Konstitusiya dəyişikliyi üzrə referendumun keçirilməsidir. Parlament bunun reallaşması üçün səs versə, referendum olacaq. Bu barədə isə güman ki, sentyabrdan sonra bəlli olacaq.
Deputat qeyd edib ki, digər tərəfdən, Qərb dövlətlərinin Ermənistan vasitəsilə regionda balansı pozması da bir reallıqdır. Bu ölkənin Qərblə əməkdaşlıq gündəliyində adətən, Azərbaycanın milli maraqlarına zidd məsələlər gündəmə gəlir. Ermənistan, ilk növbədə, regiona aidliyi qəbul etməli, region ölkələri ilə stabil və əməkdaşlıq ruhuna uyğun davranmalıdır.
“Hər bir halda, Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı şərti yerinə yetirilməyənədək sülh müqaviləsi imzalana bilməz. – deyə deputat vurğulayıb.
Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, Paşinyan regionda sülhün tərəfdarı kimi çıxış edir və onun yenidən hakimiyyətdə qalması Azərbaycan-Ermənistan sülh prosesinin davam etməsi üçün müəyyən imkanlar yarada bilər. Bu mənada indiki reallıqda onun seçkidə qalib gəlməsi bizim üçün məqsədəuyğundur. Ancaq unutmayaq ki, Paşinyanın əsas məqsədlərindən biri də Ermənistanın Avropaya inteqrasiyasını sürətləndirməkdir.

Millət vəkili daha sonra əlavə edib ki, son illərdə o, Avropa ölkələri və Qərb institutları ilə münasibətləri gücləndirməyə çalışıb. Ermənistanın Avropa ilə yaxınlaşması həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından yeni imkanlar əldə etməsinə xidmət edir. Bu siyasət eyni zamanda Avropa ölkələrinin regionda təsirinin artmasına və Ermənistanın beynəlxalq dəstəyini gücləndirməsinə hesablanıb.
Elnarə Akimovanın sözlərinə görə, digər tərəfdən, nəzərə almaq lazımdır ki, Ermənistan hazırda əvvəlki dövrlərlə müqayisədə daha zəif mövqedədir və bu da onu daha praqmatik siyasət yürütməyə sövq edir. Lakin gələcəkdə ölkənin iqtisadi, siyasi və hərbi imkanları artarsa, heç kim qəti şəkildə zəmanət verə bilməz ki, Ermənistanın siyasi elitasında yenidən daha sərt və ya revanşist yanaşmalar meydana çıxmayacaq. Tarix göstərir ki, dövlətlərin siyasəti zamanla dəyişə bilir və buna görə də münasibətlər şəxslər üzərindən deyil, konkret razılaşmalar, hüquqi öhdəliklər və real addımlar əsasında qiymətləndirilməlidir.Ona görə də Paşinyanın yenidən hakimiyyətdə qalmasını yalnız sülh prosesi kontekstində qiymətləndirmək doğru olmaz. O, bir tərəfdən Azərbaycanla münasibətlərin normallaşmasına çalışsa da, digər tərəfdən Ermənistanın xarici tərəfdaşlarını artırmaq və ölkəsinin mövqeyini gücləndirmək strategiyasını davam etdirəcək.
Politoloq Yeganə Hacıyeva Ermənistanda dünən keçirilən seçkilərin nəticələrinə əsasən, hakimiyyətdə olan Nikol Paşinyan və onun partiyası səslərin 49 faizini toplayaraq rəqiblərindən xeyli irəlidə qərarlaşıb. Əsas müxalif siyasi blok isə 23 faiz səs toplayıb.Bu nəticə göstərir ki, Rusiyaya yaxınlaşma, Qərbdən uzaqlaşma və Azərbaycanla, Türkiyə ilə münasibətlərdə revanşist çağırışlar edən siyasi qüvvələr geniş ictimai dəstək qazana bilməyib. Bu da region üçün pozitiv mesaj kimi qiymətləndirilir bildirib.

Politoloq vurğulayıb ki, seçki nəticələrinə görə, Nikol Paşinyanın aldığı yeni mandat ölkə daxilində sabit siyasi davamlılığın qorunmasına imkan yaradır. Eyni zamanda, Azərbaycan və Türkiyə ilə kommunikasiya xətlərinin açılması baxımından da münbit imkanlar formalaşır.Regionda güc balansı baxımından bu seçki əsaslı dəyişiklik yaratmayıb, əksinə mövcud status-kvonu daha da möhkəmləndirib. Ermənistanın formal olaraq Qərbə yaxınlaşma siyasəti müşahidə olunsa da, iqtisadi baxımdan ölkə hələ də Rusiyadan ciddi şəkildə asılıdır. Rusiya Ermənistan iqtisadiyyatında əsas tərəfdaş olaraq qalır və bu asılılıq, xüsusilə sanksiyalardan yayınma mexanizmləri baxımından daha da güclənir. Buna görə də Ermənistanın Rusiyadan kəskin uzaqlaşması real görünmür və mövcud vəziyyət davam edəcək.
Yeganə Hacıyeva əlavə edib ki ümumilikdə regionda daha proqnozlaşdırılan və sabit inkişaf ssenariləri formalaşma mərhələsinə daxil olub. Sülh sazişinin imzalanması ilə bağlı Azərbaycanın irəli sürdüyü əsas şərtlərdən biri olan konstitusiya dəyişiklikləri və referendum məsələsi isə hələ də gündəmdədir. Seçkinin elan olunan nəticələrə əsasən, Paşinyanın partiyası öndə olsa da, referendumun keçirilməsi üçün parlament çoxluğu ala bilmədi. Bəlkə Bu məsələ gələcəkdə diğər siyasi qruplarla siyasi razılaşmalar nəticəsində bəlkə də həll oluna bilər.
O, sonda bildirib ki, lakin hazırkı mərhələdə konstitusiya dəyişiklikləri üçün tələb olunan çoxluq Paşinyan tərəfindən təmin edilməyib. Buna görə də sülh müqaviləsi və onun hüquqi-siyasi mərhələləri ilə bağlı proseslər hələ tam aydın deyil və əlavə inkişaf mərhələləri tələb edir.
Analtik Tural İsmayılov bildirib ki, Paşinyanın seçki qələbəsi Ermənistan cəmiyyətindəki revanşist qüvvələrin və keçmiş elitanın siyasi çəkisini itirdiyini, xalqın əsasən müharibə deyil, sülh və sabitlik istədiyini göstərir. Bu nəticə rəsmi İrəvanın Bakı ilə birbaşa dialoqu davam etdirməsi üçün daxili siyasi legitimliyini möhkəmləndirir və Paşinyan hakimiyyətinə sülh prosesində daha cəsarətli addımlar atmaq üçün mandat verir.

O qeyd edib ki, Sülh müqaviləsinin imzalanması bu seçkidən sonra regional kontekstdə heç vaxt olmadığı qədər real və yaxındır, çünki danışıqlar prosesinin kəsilməsi riski xeyli azalıb. Sərhədlərin delimitasiyası və demarkasiyası (müəyyən edilməsi), həmçinin kommunikasiyaların açılması istiqamətində artıq atılmış praktiki addımlar sülhün təməlini qoyub.
Tural İsmayılovun sözlərinə görə, bununla belə, Ermənistan konstitusiyasındakı bəzi hüquqi ziddiyyətlərin aradan qaldırılması və kənar geosiyasi oyunçuların regiona təsir rəqabəti tam yekun sənədin imzalanmasını bir qədər ləngidə bilər. Yekun olaraq, seçki sülh üçün əsas daxili maneəni aradan qaldırsa da, prosesin sürəti tərəflərin qalan texniki və hüquqi detallarda razılığa gəlmə sürətindən asılı olacaq.
Jurnalist Hacıbəy Heydərli bildirib ki, Ermənistanda keçirilən Parlament seçkilərində Nikol Paşinyanın rəhbəri olduğu partiyanın qələbə qazanması Azərbaycan-Ermənistan münasibətlərində mövcud siyasi kursun davam edəcəyini göstərir. Son illərdə regionda sülh gündəliyini dəstəkləyən Paşinyanın hakimiyyətdə qalması tərəflər arasında aparılan danışıqların davam etdirilməsi üçün əlavə imkanlar yaradır.Bu seçkinin nəticələri Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin sabitlik və normallaşma siyasətinə dəstəyini nümayiş etdirir. Bu baxımdan, Azərbaycanla sülh müqaviləsinin imzalanması perspektivi əvvəlki dövrlərlə müqayisədə daha real görünür.

Jurnalist əlavə edib ki, bununla belə, sülh sazişinin imzalanması üçün hələ də həllini gözləyən bir sıra mühüm məsələlər mövcuddur. Xüsusilə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəaların dəyişdirilməsi məsələsi əsas müzakirə mövzularından biri olaraq qalır. Bu dəyişikliklərin həyata keçirilməsi üçün referendum keçirilməli və müvafiq müddəalar Konstitusiyadan çıxarılmalıdır.
Hacıbəy Heydərlinin sözlərinə görə, məhz bu səbəbdən Paşinyanın qələbəsi sülh müqaviləsinin dərhal imzalanacağı anlamına gəlməsə də, Ermənistan daxilində belə qərarların qəbul edilməsi üçün siyasi imkanları artırır. Əgər referendum və konstitusiya dəyişiklikləri ilə bağlı proseslər uğurla başa çatarsa, bu, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması yolunda ən mühüm maneələrdən birinin aradan qalxması demək olacaq.Ümumilikdə, Paşinyanın qələbəsi sülh müqaviləsini uzaqlaşdıran deyil, ona yaxınlaşdıran amil kimi qiymətləndirilə bilər. Lakin yekun nəticə tərəflərin siyasi iradəsindən və xüsusilə Ermənistanın üzərinə düşən hüquqi-siyasi öhdəliklərin icrasından asılı olacaq.
Beləliklə, Ermənistanda keçirilən seçkilərin nəticələri regionda yeni siyasi reallıqların getdikcə daha çox qəbul edildiyini göstərir. Nikol Paşinyanın qələbəsi sülh prosesinin qarşısındakı bütün maneələrin aradan qalxdığı anlamına gəlməsə də, Azərbaycan-Ermənistan münasibətlərində dialoq xəttinin qorunub saxlanılması baxımından mühüm siyasi siqnal hesab olunur. Bununla yanaşı, sülh sazişinin imzalanması üçün zəruri olan hüquqi və siyasi addımların atılması, xüsusilə Ermənistan Konstitusiyasında dəyişikliklərin həyata keçirilməsi hələ də gündəmdə qalır. Görünən odur ki, regionun gələcəyi artıq müharibə və qarşıdurma ritorikası ilə deyil, əməkdaşlıq, kommunikasiyaların açılması və qarşılıqlı maraqlara əsaslanan yeni münasibətlər sistemi ilə müəyyənləşəcək. Bu yolun nə qədər sürətli keçiləcəyi isə tərəflərin siyasi iradəsindən və götürdükləri öhdəliklərə nə dərəcədə sadiq qalacaqlarından asılı olacaq.











