Biləsuvarda artıq sayca 5-ci Hind Quşu festivalı keçirilib. Rəngarəngliyi, qonaq axını və müxtəlif müsabiqələri ilə bu il də festival minlərlə insanın yaddaşında iz qoyub.
NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə Biləsuvarda 5-ci dəfədir ki, təşkil olunan “Hind Quşu” festivalında sənətkarların əl işlərindən hazırlanan suvenirlər, aşbazların hind quşundan bişirdiyi müxtəlif növ ləziz yeməklər, rəngarəng stendlər yerli sakinlərlə yanaşı turistlərin də marağına səbəb olub. Gələn qonaqlar həm ləziz təamları dadıb, həm də yerli kənd təsərrüfatı məhsullarını əldə edə biliblər. Festivalda 10-larla turizm və aqrar şirkətlər öz məhsullarını təqdim edib. Eləcə də yerli mətbəxlə yanaşı Çin və Özbək mətbəxindən nümunələr, amerikansayağı Hind quşu ləvəngisi təqdim olunub.
Hindistanlı turist Məhəmməd Əfsər deyir ki, festivala 20 nəfər olaraq dəvət olunmuşuq. “Biz burada olmaqdan qürur duyuruq. Biləsuvar sakinləri ilə görüşmək bizim üçün çox xoşdur. Müxtəlif insanlar, sənətkarlar və bölgədə tanınan simalarla görüşüb tanış olduq. Ümumilikdə, burada olmaq bizim üçün çox yaxşı təcrübə idi”.
Onu da qeyd edək ki, festival çərçivəsində milli-mənəvi dəyərlərimizi əks etdirən adətlər nümayiş etdirilib. Bundan başqa, yerli kənd məhsullarının satıldığı geniş yarmarka təşkil olunub. Beləliklə, 5 ildir ki, Biləsuvarda keçirilən Hind Quşu Festivalı həm qonaqpərvərliyi, həm də bölgənin turizm potensialına verdiyi töhfə ilə maraqla gözlənilən ənənəvi bayrama çevrilib.












