Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi, 5C ünvanında yaşayan sakinlər binanın həyətində aparılan tikinti işlərindən narahat olduqlarını bildiriblər.
NOCOMMENT.az xəbər verir ki, sakinlərin sözlərinə görə, burada qeyri-qanuni obyekt tikintisi həyata keçirilir və bu, binanın konstruksiyasına zərər verə bilər.
Sakinlərdən biri qeyd edib: “Caspian Service “2007-ci ildən bu binanı tikməyə başlayıblar. 2026-cı il daxil olur, hazırda da tikintini bitirməyiblər. Həyətin yarısını zəbt ediblər. Bağlayırlar ki, buraya sakinlər keçə bilməsin”.
Sakinlər bildirirlər ki, binanı tikən “Caspian Servis” şirkəti əvvəllər onlara həyətin abadlaşdırılacağını vəd etsə də, bu sözlər yerinə yetirilməyib.
“Bu binaya keçəndə “Caspian Servis” bizə vəd etdi ki, həyətdə uşaqlar üçün əyləncə mərkəzi olacaq, qadınlar, böyüklər üçün idman qurğuları quraşdırılacaq. Həyət abadlaşdırılacaq. Bunlar olmadı. Artıq 13 ildir”.
“Caspian Service” şirkətinin hüquqşünası isə işlərin qanuni olduğunu vurğulayıb:
“Sakinlərin narazı olduğu və qeyri-qanuni adlandırdığı hasarın inşa edilməsi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiqlənmiş layihəyə uyğun icra edilir və tam qanunidir. Hasarlama işlərindən sonra hal-hazırda sakinlərin istifadəsində olan geniş həyət bağlı hala gələcək və zəruri yerlərdə giriş-çıxış qapıları ilə təchiz olunacaq. Bundan əlavə, qapalı həyətdə uşaqlar üçün oyun meydançası və digər əlavə qurğuların quraşdırılması nəzərdə tutulub”.
Hazırda sakinlərlə şirkət arasında fikir ayrılığı davam edir və məsələnin həlli gözlənilir.
Videonu təqdim edirik:











