Ziya Bünyadov prospekti, keçmiş Çermet körpüsünün başlanğıcındakı yolda (20 Yanvar istiqaməti) sağ zolaqlarla gəlib, növbə gözləmədən sola keçən sürücülər ciddi problem yaradırdılar. Bu səbəbdən həmin yola 2021-ci ilin may ayından etibarən qayda pozanları qeydə alan kamera quraşdırılmış və qoşa xətt çəkilmişdi.
NOCOMMENT-in axar.az-a istinadən məlumatına görə, bu gündən etibarən həmin qoşa xətt qırıq xətlə əvəz edilib. Nəticədə avtomobillər əvvəllər olduğu kimi qayda pozuntusuna yol verir, böyük tıxac yaradırlar.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev saytımıza açıqlamasında bildirib ki, həmin ərazidə bu günlərdə qurumun sifarişi əsasında hər hansı yol nişanı işləri görülməyib.
O həmçinin qeyd edib ki, 4 və daha çox yollarda qoşa xətt nişanlanması əks istiqamətli nəqliyyat axınının ayrılması üçün nəzərdə tutulub: “Qeyd edilən hissədə isə əks istiqamətli hərəkət olmadığından qoşa xətt nişanlanmasının olması standarta uyğun deyil. Körpüyə qalxan hissədə kamera quraşdırılan zaman da ərazidə standarta uyğun xətlənmə işləri görülüb”.













